• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiyanın Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Bəyanatı

1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri və Xankəndidə yerləşən Rus ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc Azərbaycan əhalisinə qarşı amansız qətliam törədilmişdir. Bu faciə Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş, XX əsrin ən dəhşətli humanitar cinayətlərindən biri kimi tarixə düşmüşdür.

Ağ Partiya bəyan edir ki, Xocalıda baş verənlər insanlıq əleyhinə və hərbi cinayət olmaqla yanaşı, soyqırımı aktıdır. Mülki əhaliyə qarşı xüsusi qəddarlıqla törədilən bu cinayət beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Bununla yanaşı, işğal dövründə Azərbaycanın ərazilərində tarixi, mədəni və dini abidələrin dağıdılması, yaşayış məntəqələrinin viran qoyulması, qəbiristanlıqların təhqir edilməsi, təbii sərvətlərin talan olunması da xalqımıza qarşı həyata keçirilmiş sistemli siyasətin tərkib hissəsi olmuşdur.

Ağ Partiya beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına obyektiv və hüquqi-siyasi qiymət verməyə, bu faciəni törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atmağa çağırır. Tarixi ədalətin bərpası, belə cinayətlərin təkrarlanmaması üçün beynəlxalq hüququn aliliyinin təmin olunması vacibdir.

Biz bir daha Xocalı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, onların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiririk. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər birimizin mənəvi borcudur.