• +994 55 995 25 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

AĞ Partiya Nensi Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlara qarşı bəyanat yaydı!

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi  fikirlər absurd və qərəzli mövqedir. Nensi Pelosinin anti-Azərbaycan mövqeyinin  erməni lobbisinin cəfəng iddiaları ilə üst-üstə düşməsi bizim üçün təəccüblü hal olmasa da ümumiyyətlə bu halın bölgədəki vəziyyəti təhrif edən və münaqişənin davam etməsinə xidmət edən açıqlama olduğunu bildiririk.  Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar əsla və əsla qəbuledilməzdir.

Pelosi başda olmaqla onun təmsil olduğu ABŞ Nümayəndələr Palatası Ermənistanın Azərbaycan torpaqlarını uzun illər işğalda saxlamaq istəyini görməzdən gəlməsini birmənalı olaraq qarşılamaq doğru deyildir. Ümumilikdə Azərbaycan tərəfinin atdığı bütün addımlar münaqişənin yəni Ermənistan tərəfinin işğalçı siyasətinin başladığı tarixdən bu yana  təxribatların qarşısının alınmağına və  öz torpaqlarını işğaldan qorumağa xidmət etmişdir. Azərbaycan tərəfi bu addımları atarkən beynəlxalq hüquq normalarını daima nəzərə almış, qarşı tərəfin təxribat xarakterli təhriklərinə uymamışdır.

Eyni analoji məqam sentyabrın 12-dən 13-nə keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident üçün də keçərlidir. Azərbaycan tərəfi sadəcə olaraq öz torpaqlarını qorumağa  istiqamətlənən addımlarla cavab  vermişdir. Geri qalan  bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.  Başda Ermənistan olmaqla, onları himayə edən bütün qüvvələr yaxşı bilməlidir ki, bu  hallar təkrarlandığı müddətdə Azərbaycan Silahlı Qüvvələri onların cavabını artıqlaması ilə verməyə qadirdir. 


Ermənipərəst N.Pelosinin bu açıqlamalarının  ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrünə hesablandığını yaxşı bilirik, lakin ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının regionumuza daşınmasının qəbuledilməz olduğunu qətiyyətlə bəyan edirik. Bildirmək istəyirik ki, N.Pelosi ədalət naminə göz yaşı axıtmaq istəyirsə, biz ona və komandasına istər Cənubi Qafqaz regionunda istərsə də dünyada həqiqətləri əks etdirən bir xeyli tarix və məkanın ünvanını göstərə bilərik. Hansı ki, belə tarixi hadisələrin ortaya çıxmasında dəstəklədiyi Ermənistanın birbaşa iştirakı olmuşdur. 


AĞ Partiya olaraq tutduğu mövqedən asılı olmayaraq Azərbaycan və qardaş Türkiyə haqqında səslənən fikirləri qətiyyətlə rədd edir, Azərbaycanın haqlı mövqeyini, Azərbaycan Ordusunun addımlarını  sonuna  qədər dəstəkləyirik.  Son olaraq bildirmək istəyirik ki, regionda dayanıqlı sülhün olmasını arzulayanlar bu kimi qərəzli açıqlamalardan uzaq  durmalıdırlar.