Hazırki Nizamnamə partiyanın II qurultayında qəbul edilmişdir.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Ağ Partiyası (bundan sonra – Partiya) Azərbaycan Respublikasının siyasi həyatında iştirak edən qeyri-kommersiya hüquqi şəxsidir.
1.2. Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.
1.3. Partiya könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq, qanunçuluq və aşkarlıq prinsipləri əsasında təsis edilir və fəaliyyət göstərirlər
1.4. Partiyanın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma və digər hesabları, həmçinin digər rekvizitləri vardır.
1.5. Partiya öz rəmzlərinə (emblem, himn, vımpel, bayraq və nişanlara) malikdir.
1.6. Partiyanın qısaldılmış adı – AğP.
1.7. Partiya 13 yanvar 1993-cü il tarixdə 12 qeydiyyat nömrəsi ilə Vahid Azərbaycan Partiyası adı ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
1.8. Partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı) – Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 2, mənzil 14.
2. PARTİYANIN MƏQSƏDİ
2.1. Partiyanın məqsədi Azərbaycan Respublikasının milli nizam məfkurəsi üzərində Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əsaslanaraq hər bir vətəndaşın rifah içərisində yaşadığı daha güclü dövlət olmasından, milli mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsindən ibarətdir.
2.2. Partiya qanunlara riayət edilməsini, dövlətçilik əsaslarımızın bayraq və gerbimizdəki ideal və hədəflərə uyğun inkişafını dəstəkləyir, Azərbaycan dövlətinin qanunlarına uyğun olmayan bütün fəaliyyət forma və şəkillərini pisləyir.
3. PARTİYANIN FƏALİYYƏT FORMALARI
3.1. Partiya aşağıdakı yolla siyasi fəaliyyət göstərir:
3.1.1 vətəndaşların siyasi iradəsinin ifadə olunmasında, həmçinin ictimai rəyin formalaşdırılmasında iştirak etmək;
3.1.2. ölkənin siyasi həyatında iştirak etmək;
3.1.3. vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmaq;
3.1.4. seçkilərin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirak etmək və seçkili dövlət və yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürmək;
3.1.5. ümummilli dəyərləri və vətənpərvərliyi təbliğ etmək, üzvlərinin siyasi fəallığına dəstək vermək və üzvlərinin siyasi iradəsini ifadə etmək;
3.1.6. müxtəlif məsələlər ilə bağlı rəy və təkliflərini təqdim etməklə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək;
3.1.7. Partiyanın ictimai məsələlər ilə bağlı rəylərini dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırmaq.
4. PARTİYANIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
4.1. Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı hüquqları vardır:
4.1.1. məqsədləri və fəaliyyəti barədə informasiyanı sərbəst yaymaq;
4.1.2. ideyalarını, məqsədlərini və proqramını təbliğ etmək;
4.1.3. digər siyasi partiyalarla fəaliyyətin əlaqələndirilməsi, habelə ümumi mənafelərin təmsil və müdafiə edilməsi məqsədilə könüllülük əsasında birləşib ittifaqlar və siyasi bloklar yaratmaq;
4.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
4.1.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iclaslar, görüşlər, konfranslar və müşavirələr keçirmək;
4.1.6. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirmək;
4.1.7. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özünün və üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək;
4.1.8. siyasi partiyanın nizamnaməsində (proqramında) qeyd olunmuş məqsədlərlə (hədəflərlə) razı olmayan şəxsi üzvlüyə qəbulundan imtina etmək;
4.1.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı təşəbbüslə çıxış etmək, o cümlədən dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər vermək;
4.1.10. hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları tərəfindən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hüquqi aktlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı məsələ qaldırmaq;
4.1.11. “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq);
4.1.12. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa və Nizamnaməyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
4.1.13. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa və Nizamnaməyə uyğun olaraq beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq;
4.1.14. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa və Nizamnaməyə uyğun olaraq ianələr qəbul etmək;
4.1.15. qısaldılmış ada, həmçinin emblemə, bayrağa və s. rəmzlərə malik olmaq;
4.1.16. konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər keçirmək;
4.1.17. Azərbaycan Respublikasının Dövlət Bayrağını keçirdiyi tədbirlər zamanı qaldırmaq (asmaq) və ya yerləşdirmək;
4.1.18. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq digər hüquqları həyata keçirmək.
4.2. İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. Partiya “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul ola, həmçinin həmin Qanunda qeyd olunmuş məqsədlər üçün təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
4.3. Siyasi partiyanın aşağıdakı vəzifələri vardır:
4.3.1. öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər normativ hüquqi aktlarına və öz nizamnaməsinə riayət etmək;
4.3.2. üzvlərinin reyestrini aparmaq;
4.3.3. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək;
4.3.4. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparmaq, maliyyə hesabatını və maliyyə fəaliyyətinə dair əlavə məlumat və sənədləri aidiyyəti üzrə təqdim etmək;
4.3.5. fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək;
4.3.6. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməmək;
4.3.7. digər siyasi partiyanın öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
4.3.8. keçirdiyi mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırarkən və ya asarkən Azərbaycan Respublikası Dövlət Himninin ifa edilməsini təmin etmək;
4.3.9. Həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
4.4. Siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının yalnız epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.
5. PARTİYANIN ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Partiyaya üzvlük fərdidir. Partiyaya üzvlük və üzvlüyü tərk etmək könüllüdür. Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz. Partiya tərəfindən üzvlərinin qeydiyyatı aparılır.
5.2. Partiyanın Nizamnaməsini və Proqramını qəbul edən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikası vətəndaşları Partiyanın üzvü ola bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə siyasi partiyaya üzvlüyü qanunla qadağan edilən digər şəxslər Partiyanın üzvü ola bilməz.
5.3. Şəxs partiya üzvlüyünə qəbul olunmaq üçün Partiyanın yerli təşkilatına və yaxud birbaşa İdarə Heyətinə müraciət edir. Üzvlüyə qəbuletmə haqqında qərar partiyanın İdarə Heyəti tərəfindən qəbul edilir .
5.4 Partiya tərəfindən üzvünə onun partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir.
5.5. Partiya üzvlüyündən çıxmaq istəyən üzv Partiyanın yerli təşkilatına və yaxud birbaşa İdarə Heyətinə müraciət edir. Üzvlükdən çıxma haqqında müraciət partiyanın İdarə Heyəti tərəfindən təsdiq edilir. Üzvlükdən çıxan şəxs üzvlük vəsiqəsini partiyaya təhvil verir.
5.6. Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası partiyanın İdarə Heyəti tərəfindən müəyyən edilir.
5.7. Partiya üzvünün aşağıdakı hüquqları vardır:
5.7.1. müvafiq qaydada Partiyanın orqanlarını seçmək və onlara seçilmək;
5.7.2. Partiyanın fəaliyyəti haqqında məlumat almaq;
5.7.3. Partiyanın orqanlarına sual, sorğu, təklif, ərizə və şikayət ilə müraciət etmək və öz müraciətinə dair mahiyyəti üzrə cavab almaq;
5.7.4. Partiya orqanlarının (Qurultay istisna olmaqla) və bu Nizamnamənin 6.2-ci bəndində nəzərdə tutulmuş qurumların hərəkət və ya hərəkətsizliyindən Təftiş Komissiyasına, Təftiş Komissiyasının hərəkət və ya hərəkətsizliyindən Qurultaya, Qurultayın hərəkət və ya hərəkətsizliyindən isə məhkəməyə şikayət vermək;
5.7.5. öz iradəsini sərbəst formada ifadə etmək;
5.7.6. Partiyadan çıxmaq;
5.7.7. qanunvericilik və bu Nizamnamə ilə müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.
5.8. Partiya üzvünün aşağıdakı vəzifələri vardır:
5.8.1. Siyasi partiya üzvünün vəzifələri “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. Həmin vəzifələr Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd ola bilməz.
5.8.2. Siyasi partiya üzvünün aşağıdakı vəzifələri vardır:
5.8.3. siyasi partiyanın nizamnaməsi və proqramı ilə tanış olmaq;
5.8.4. siyasi partiyanın nizamnaməsində və proqramında göstərilmiş tələblərə əməl etmək;
5.8.5. siyasi partiya orqanlarının və struktur qurumlarının qanuni qərarlarını yerinə yetirmək;
5.8.6. siyasi partiyanın fəaliyyətində iştirak etmək;
5.8.7. üzvlük haqqını ödəmək;
5.8.8. siyasi partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək;
5.8.9. bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq aparılan reyestrdə özünə aid olan məlumatlarda baş vermiş dəyişikliklər barədə siyasi partiyaya məlumat vermək;
5.8.10. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və siyasi partiyanın nizamnaməsinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
5.9. Partiya üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
5.9.1. Partiya üzvünün Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
5.9.2. məhkəmənin qərarı ilə Partiya üzvü məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
5.9.3. Partiya üzvlüyündən çıxdıqda və ya xaric olunduqda;
5.9.4. şəxs öldükdə və ya məhkəmənin qərarı ilə ölmüş elan edildikdə.
5.10. Partiyadan xaric olunma üçün aşağıdakılar əsas sayılır:
5.10.1. bu Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vuran hərəkət və ya hərəkətsizlik etmək;
5.10.2. altı aydan çox müddət ərzində Partiyanın işində üzrsüz səbəbdən iştirak etməmək;
5.10.3. digər partiyaya üzv olmaq;
5.10.4. partiyanın qərar və tapşırıqlarını icra etməkdən imtina etmək.
5.11. Nizamnamə tələblərini pozan və ya Partiyanın nüfuzuna zərər vuran Partiya üzvünə aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər. İnzibati tənbeh tədbirinin növünü qərar verən orqan qəbul edir:
5.11.1. xəbərdarlıq;
5.11.2. töhmət;
5.11.3. Partiyada tutduğu seçkili və ya təyinatlı vəzifədən azad etmək;
5.11.4. Partiyadan xaric etmək.
5.12. İntizam tənbeh tədbirləri İdarə Heyətinin qəbul etdiyi qərar əsasında tətbiq edilir. İntizam tənbeh tədbirləri haqqında qərardan bir ay ərzində Təftiş Komissiyasına şikayət verilə bilər.
5.13. Üzvlükdən xaric etmə haqqında qərarın qəbul edilməsi və ya üzvlükdən çıxmağa dair müraciətin təsdiqi üzvlükdən çıxma faktının Partiya tərəfindən qeydə alınması üçün əsasdır.
5.14. Yenidən təşkil olunan, ləğv edilən yerli təşkilatların üzvlərinin daha yaxın inzibati ərazi vahidlərində olan digər yerli təşkilatlarda qeydiyyatı məsələsi İdarə Heyətinin və ya Mərkəzi Aparatın (İH-nin razılığı ilə) qəbul etdiyi qərar əsasında həll edilir.
6. PARTİYANIN ORQANLARI VƏ STRUKTURU
6.1. Partiyanın orqanları aşağıdakılardır:
6.1.1. Qurultay;
6.1.2. Partiyanın Sədri;
6.1.3. İdarə Heyəti;
6.1.4. Mərkəzi Təftiş Komissiyası.
6.2. Partiyanın strukturuna onun Mərkəzi Aparatı, yerli təşkilatları, Məşvərət Məclisi, Ağsaqqallar şurası, həmçinin Gənclər təşkilatı daxildir.
7. QURULTAY
7.1. Qurultay Partiyanın ali rəhbər orqanıdır. Qurultay nümayəndələri İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq seçilirlər.
7.2. Partiyanın ali idarəetmə orqanı Qurultaydır. Qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. Partiyanın növbədənkənar Qurultayı İdarə heyətinin qərarı, o cümlədən səlahiyyətlərində olan məsələlər çərçivəsində Mərkəzi Təftiş Komissiyasının və ya Partiya üzvlərinin ən azı 2/3-nin İdarə Heyətinə müraciəti ilə çağırılır.
7.3. Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir:
7.3.1. Partiyanın Nizamnaməsinin qəbul edilməsi, ona dəyişiklik və əlavələrin edilməsi;
7.3.2. Partiyanın Sədrinin seçilməsi və vaxtından əvvəl vəzifəsindən azad edilməsi;
7.3.3. İdarə Heyətinin, Mərkəzi Təftiş Komissiyasının say tərkibinin müəyyənləşdirilməsi;
7.3.4. Partiyanın İdarə Heyəti və Mərkəzi Təftiş Komissiyası üzvlərinin beş il müddətinə seçilməsi;
7.3.5. Partiyanın İdarə Heyəti və Mərkəzi Təftiş Komissiyasının səlahiyyətlərinə xitam verilməsi;
7.3.6. İdarə Heyətinin, Mərkəzi Təftiş Komissiyasınının və partiya Sədrinin hesabatlarının dinlənilməsi;
7.3.7. Siyasi partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi haqqında qərarın qəbul edilməsi;
7.3.8. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.
7.4. Qurultay nümayəndələrinin ən azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Bu Nizamnamənin 7.3.5-ci yarım bəndində göstərilən məsələlərə dair qərarlar Qurultayda iştirak edən nümayəndələrin üçdə iki səs çoxluğu ilə, 7.3-cü bəndində nəzərdə tutulmuş digər məsələlərə dair qərarlar isə Qurultayda iştirak edən nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) Qurultay tərəfindən müəyyən edilir.
8. İDARƏ HEYƏTİ
8.1. İdarə Heyəti Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanıdır. İdarə Heyətinin say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. İdarə Heyətinin üzvləri Qurultay tərəfindən beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar.
8.2. Partiyanın Sədri vəzifəsinə görə eyni zamanda İdarə Heyətinin sədridir.
8.3. İdarə Heyəti:
8.3.1. növbəti və növbədənkənar Qurultay çağırır, Partiyanın yerli təşkilatlarının təmsilçilik normasını müəyyən edir, həmçinin fəaliyyəti barədə Qurultay qarşısında hesabat verir;
8.3.2. Partiyanın Proqramını qəbul edir, ona dəyişiklik və əlavələr edir;
8.3.3. Məşvərət Məclisinin, Ağsaqqallar Şurasının və Gənclər Təşkilatının fəaliyyətinə nəzarəti həyata keçirir və onların bu Nizamnamə ilə qeyd olunmuş tələblərə zidd fəaliyyəti aşkarlandıqda Mərkəzi Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin strukturların yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan strukturların qərarlarını ləğv edir;
8.3.4. bu Nizamnaməyə uyğun olaraq Partiyanın yerli təşkilatlarının yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi haqqında qərarlar qəbul edir, həmçinin yerli təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir və onların bu Nizamnamə ilə qeyd olunmuş tələblərə zidd fəaliyyəti aşkarlandıqda Mərkəzi Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin strukturların yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan strukturların qərarlarını ləğv edir;
8.3.5. Mərkəzi Aparatın, yerli təşkilatların, Məşvərət Məclisinin, Ağsaqqallar Şurasının və Gənclər Təşkilatının əsasnamələrini təsdiq edir;
8.3.6. Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı Partiyanın Sədrinin təqdimatı ilə Partiyadan nümayəndələri (namizədləri) irəli sürür və namizədlərin sıra nömrələrini müəyyən edir;
8.3.7. yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı Partiyanın yerli təşkilatlarına namizədlər irəli sürməyə razılıq verir;
8.3.8. üzvlük vəsiqəsinin formasını müəyyən edir;
8.3.9. üzvlük haqlarının məbləğini və ödənilməsi qaydasını müəyyən edir;
8.3.10. ölkə daxili və ölkə xarici mühüm ictimai siyasi məsələlər barədə Partiyanın mövqeyini əks etdirən bəyanatlar qəbul edir;
8.3.11. dövlət və yerli özünüidarəetmə orqanları, siyasi partiyalar, digər qurumlar ilə qarşılıqlı əlaqə qurur;
8.3.12. Partiyanın siyasi partiyalarla ittifaq və siyasi blok qurması barədə qərar qəbul edir;
8.3.13. Partiyanın media vasitələrinin təsis edilməsi barədə qərar qəbul edir;
8.3.14. Partiyanın əmlakının və vəsaitlərinin idarə edilməsi üzrə qərarlar qəbul edir;
8.3.15. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir;
8.3.16. Partiyanın digər orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.
8.4. İdarə Heyətinin iclasları İdarə Heyətinin müəyyən etdiyi müddətdə (lakin ayda bir dəfədən az olmayaraq) keçirilir. İdarə Heyətinin növbədənkənar iclasları Partiya Sədrının qərarı və ya İdarə Heyəti üzvlərinin azı üçdə iki hissəsinin müraciəti ilə keçirilə bilər.
8.5. İdarə Heyəti üzvlərinin 1/3-nün iştirak etdiyi iclaslar səlahiyyətli sayılır. Bu Nizamnamənin 9.3.1-ci, 9.3.2-ci, 9.3.4-9.3.8-ci, 9.3.11-ci, 9.3.12-cü və 9.3.15-ci yarımbəndlərində göstərilən məsələyə dair qərarlar iclasda iştirak edənlərin üçdə iki səs çoxluğu ilə, 9.3-cü bəndində nəzərdə tutulmuş digər məsələlərə dair qərarlar isə iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) İdarə Heyəti tərəfindən müəyyən edilir.
9. PARTİYANIN SƏDRİ
9.1. Partiyanın Sədri Partiyanın rəhbər orqanıdır və Partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Partiyanın Sədri Partiyanın Qurultayında iştirak edən nümayəndələrin sadə səs çoxluğu (açıq və ya gizli səsvermə yolu) ilə seçilir. Partiyanın Sədrinin səlahiyyət müddəti 5 ildir.
9.2. Partiyanın Sədrinin birinci müavini və müavinləri vardır və onları təyin edir.
9.3. Partiyanın Sədri:
9.3.1. Partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, etibarnaməsiz Partiyanın adından hərəkət edir;
9.3.2. Partiyanın İdarə Heyətinə rəhbərlik edir;
9.3.3. Partiyanı ölkə daxilində və xaricdə təmsil edir;
9.3.4. Qurultayı açır, Qurultaya hesabat verir, İdarə Heyətinin iclaslarına sədrlik edir;
9.3.5. Partiyanın Mərkəzi Aparatının strukturunu, həmçinin onun, yerli təşkilatların və digər partiya işçilərinin əməkhaqlarını təsdiq edir;
9.3.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq şəxslərə etibarnamələr verir, partiya adından əlaqələr qurur, səlahiyyətləri çərçivəsində Partiyanın əmlakı və vəsaitləri üzərində sərəncam (bu Nizamnamənin 9.4.13-cü yarımbəndi nəzərə alınmaqla) verir;
9.3.7. Partiyanın İdarə Heyətinin, Mərkəzi Təftiş Komissiyasının, Məşvərət Məclisinin, Ağsaqqallar şurasının və Gənclər Təşkilatının növbədənkənar iclaslarını çağırır;
9.3.8. Partiyanın Sədri özünün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etməsi, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Təftiş Komissiyasına təqdim edir;
9.3.9. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
9.4. Partiyanın Sədri bu Nizamnamənin 8.3-cü bəndində qeyd edilən səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə həvalə edə bilər.
9.5. Partiyanın Sədri Partiyanın yerli təşkilatlarının, Məşvərət Məclisinin, Ağsaqqallar Şurasının və Gənclər Təşkilatının sədrlərini beş il müddətinə seçir və vaxtından əvvəl vəzifələrindən azad edir.
9.6. Partiyanın Sədri “Başqan” adlanır.
10. MƏRKƏZİ TƏFTİŞ KOMİSSİYASI
10.1. Mərkəzi Təftiş Komissiyası Partiyanın nəzarət-təftiş kollegial orqanıdır. Mərkəzi Təftiş Komissiyasının say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. Mərkəzi Təftiş Komissiyasının üzvləri Qurultay tərəfindən Partiya Sədrinin təqdimatı əsasında beş il müddətinə seçilirlər.
10.2. Mərkəzi Təftiş Komissiyası özünün ilk iclasında öz tərkibindən sədr və sədr müavini seçir.
10.3. Mərkəzi Təftiş Komissiyasının iclasları Komissiyanın müəyyən etdiyi müddətdə (lakin ayda bir dəfədən az olmayaraq) keçirilir. Mərkəzi Təftiş Komissiyasının növbədənkənar iclasları Partiyanın Sədrinin müraciəti ilə keçirilir.
10.4. Mərkəzi Təftiş Komissiyasının iclaslarını Komissiyanın sədri və ya onun göstərişi ilə sədr müavini aparır.
10.5. Mərkəzi Təftiş Komissiyasının iclası üzvlərin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Qərarlar iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) Mərkəzi Təftiş Komissiyası tərəfindən müəyyən edilir.
10.6. Mərkəzi Təftiş Komissiyası:
10.6.1. öz Reqlamentini qəbul edir;
10.6.2. bu Nizamnamənin, Partiya Proqramının tələblərinin, Partiya orqanlarının qərarlarının yerinə yetirilməsinə, həmçinin partiyadaxili nizam-intizam və maliyyə məsələlərinə nəzarəti həyata keçirir;
10.6.3. Partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;
10.6.4. nəzarətin və təftişin nəticələri barədə partiyanın İdarə Heyətinə məruzə edir;
10.6.5. Qurultay qarşısında öz fəaliyyəti barədə hesabat verir;
10.6.6. Partiya orqanlarının (Qurultay istisna olmaqla) və bu Nizamnamənin 6.2-ci bəndində nəzərdə tutulmuş qurumların qərarlarının qanunvericiliyə və bu Nizamnaməyə uyğunluğunu bilavasitə nəzarət formasında yoxlayır, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxır;
10.6.7. növbədənkənar Qurultayın çağırılması barədə İdarə Heyətinə müraciət edir;
10.6.8. bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
10.7. Mərkəzi Təftiş Komissiyası ehtiyac olduğu halda öz fəaliyyətinə mütəxəssisləri cəlb etmək hüququna malikdir.
10.8. Mərkəzi Təftiş Komissiyasının üzvləri Partiyada digər seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər.
11. PARTİYANIN MƏRKƏZİ APARATI
11.1. Mərkəzi Aparatın rəhbəri partiya Sədrinin müavin statusundadır.
11.2. Mərkəzi Aparatın əsasnaməsini İdarə Heyəti təsdiq edir.
11.3. Mərkəzi Aparatın rəhbəri Mərkəzi Aparatın üzvlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir.
12. PARTİYANIN YERLİ TƏŞKİLATLARI
4.1. Partiyanın yerli təşkilatı İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. İdarə Heyəti yerli təşkilatın fəaliyyətinə nəzarəti həyata keçirir.
12.2. Partiyanın yerli təşkilatının fəaliyyətinə yerli təşkilatın sədri rəhbərlik edir.
4.3. Partiya Sədri yerli təşkilatın sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Sədrin müavinini Partiyanın Mərkəzi Aparatının rəhbəri ilə razılaşdırmaqla sədr özü vəzifəyə təyin və vəzifədən azad edir.
12.4. Yerli təşkilatda qeydiyyatda olan Partiya üzvləri yerli təşkilatın Konfransında iştirak edir. Konfransda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir və İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq Partiyanın Qurultayına nümayəndələr seçilir.
12.5. Yerli təşkilatın tərkibində özəklər fəaliyyət göstərir. Özəklər yerli təşkilatın sədrinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. Yerli təşkilatda özəklərin qeydiyyatı aparılır.
12.6. Özəklərin fəaliyyətinə həmin özəyin sədri rəhbərlik edir. Özək sədrini və sədr müavinini həmin özəkdə fəaliyyət göstərən Partiya üzvləri seçir. Yerli təşkilatın sədri özək sədrinin və sədr müavininin fəaliyyətinə nəzarəti həyata keçirir. Yerli təşkilatın Konfransında özəyi onun sədri, üzrlü səbəbdən iştirak edə bilmədikdə isə onun müavini təmsil edir.
12.7. Yerli təşkilatın fəaliyyəti, sədrin və onun müavininin səlahiyyət müddəti, özəyin təşkili, eləcə də yerli təşkilatda, o cümlədən Konfransda qərarların qəbulu ilə bağlı məsələlər yerli təşkilatlar haqqında Əsasnamə ilə tənzimlənir.
12.8. Yerli təşkilat qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və Əsasnaməsi əsasında fəaliyyət göstərir.
12.9. Yerli təşkilat bu Nizamnamənin 12.8-ci bəndində göstərilmiş tələblərə zidd fəaliyyət həyata keçirdikdə Mərkəzi Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin təşkilatın ləğvi və ya yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan yerli təşkilatın qərarlarını ləğv edir.
12.10. Partiya ləğv olunduğu halda Partiyanın yerli təşkilatları da ləğv edilirlər.
12.11. Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.
13. PARTİYANIN ƏMLAK VƏ MALİYYƏ MƏSƏLƏLƏRİ
13.1. Partiyanın pul vəsaitlərinin və digər əmlakının formalaşdırılmasının mənbələri aşağıdakılardır:
13.1.1. üzvlük haqları;
13.1.2. ianələr;
13.1.3. əmlakdan gələn gəlir;
13.1.4. Partiya tərəfindən keçirilən tədbirlərdən gələn gəlirlər;
13.1.5. seçki kampaniyası üçün xərclərin maliyyələşdirilməsi məqsədilə daxil olan vəsait;
13.1.6. dövlət büdcəsindən ayrılan vəsait;
13.1.7. borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ;
13.1.8. hüquq varisliyi yolu ilə əldə edilmiş əmlak;
13.1.9. qanunla qadağan olunmamış digər gəlirlər.
13.2. Partiyanın mülkiyyətində onun fəaliyyətini təmin etmək üçün vacib olan qanunla icazə verilən istənilən əmlak ola bilər.
13.3. Partiyanın əmlakı yalnız bu Nizamnamədən və Partiyanın Proqramından irəli gələn məqsəd və vəzifələrin həyata keçirilməsi üçün istifadə edilir.
14. PARTİYADA MÜHASİBAT UÇOTUNUN APARILMASI, HESABAT DÖVRÜ, MALİYYƏ HESABATLARININ TƏQDİM VƏ DƏRC EDİLMƏSİ
14.1. Partiya forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edir.
14.2. Partiya illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə media vasitələrində dərc etdirir.
14.3 Partiyada mühasibat uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.
15. PARTİYANIN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ BƏRPASI
YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ
15.1. Partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) partiyanın qurultayı tərəfindən qəbul olunur.
15.2. Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində partiya qəbul olunmuş qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir və partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
15.3. Partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul edildiyi tarixdən dayandırılmış hesab olunur.
15.4. Partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə onun orqanlarının və struktur qurumlarının nizamnaməsində nəzərdə tutulmuş səlahiyyət müddətlərinin axımı dayandırılır.
15.5. Partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.
15.6. Partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
15.7. Partiya qanunvericilik və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada yenidən təşkil oluna bilər.
15.8. Partiya “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.11-ci maddəsinin tələbi nəzərə alınmaqla Qurultayda qəbul olunmuş qərar və ya qanunvericiliyə uyğun olaraq məhkəmənin qərarı ilə ləğv oluna bilər. Partiya ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı bu Nizamnamədə göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
15.9. Partiyanın əmlakı onun orqanları və ya onun üzvləri arasında bölüşdürülə bilməz.
15.10. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
15.11. Ədliyyə Nazirliyi aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:
15.11.1. siyasi partiya “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin tələblərini pozduqda;
15.11.2. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci və 8.9-cu maddələrində nəzərdə tutulmuş hallarda;
15.11.3. fəaliyyəti dayandırılmış siyasi partiya “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.13-cü maddəsinin birinci cümləsinin tələblərini pozduqda;
15.11.4. dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda.
15.12. Siyasi partiyanın “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ləğvi siyasi partiyaya qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edilir.
15.13. Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı Ədliyyə Nazirliyinin iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.
15.14. Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində Ədliyyə Nazirliyi siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
15.15. Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
15.16. Partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun tənzimlənir.
16. DİGƏR MƏSƏLƏLƏR
16.1. Partiyanın fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər qanunvericiliyə uyğun olaraq tənzimlənir.
16.2. Bu Nizamnaməyə edilmiş əlavə və dəyişikliklər dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Bu Nizamnaməyə əlavə və dəyişikliklər Qurultayda qəbul edilir.
16.3. Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq norması tətbiq edilir.
Abbaslı Tural Feyruz oğlu 13 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib.1999-2003-cü illərdə Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə ...