• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

PARTİYANIN KONSEPSİYASI

AĞ PARTİYANIN KONSEPSİYASI

Türk-müsəlman dünyası yeni siyasi cərəyana ehtiyac duymaqdadır. Keçmişə baxsaq görərik ki, keçidlər, dəyişikliklər, böhranlar, postkolonial, postdiktatura dövrləri istər Avropada, istər ərəb dünyasında, istərsə də dünyanın digər regionlarında yeni dönəmin başlanğıcı kimi tarixə düşüb. Adətən bu ideologiyalar, fərqli dünya görüşləri ölkələr və xalqların 20-ci əsrdəki taleyini böyük ölçüdə cızıb. Bunun nümunələri kimi “Komintern”, “Sosintern”, “Yaşıllar”, “Liberal İttifaq”, “Xristian demokratlar”, “BƏƏS”, “Müsəlman qardaşları” (İxvanil müslimin) və s. kimi təşkilatları göstərə bilərik.

Biz, Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyaraq, öz insani potensialı, iqtisadi gücü ilə inkişaf edə biləcəyinə, daha sürətli addımlarla irəliləyəcəyinə inanırıq və bu yolu müdafiə edirik. Buna uyğun olaraq da Ağ Partiyası doktrinamız “Milli nizam” ideologiyasıdır.

Biz türk-islam dünyasının parçası olaraq bu yolda özümüzə nümunə kimi qonşu və qardaş Türkiyəmizin ən uğurlu siyasi partiyası olan “AK” (Ədalət və İnkişaf) Partiyanı seçdik və bu modelə uyğun olarq Ağ Partiyası Azərbaycanı təsis etdik. Artıq biz türk-müsəlmanların da ölkələr, xalqalar səviyyəsində birgə təşkilatlanmaq, güclənmək vaxtı gəlib çatıb. Məqsədimiz Ağ Partiyası simasında vətənimiz Azərbaycanda da qardaş ölkədəki “AK” Partiya kimi milli-dini ənənələrə, mental özünəməxsus xüsusiyyətlərə sadiq qalan, mühafizəkar-demokrat siyasi kimlikli sağ-mərkəzi əhatə edən bir patiya qurmaqdır. İstəyimiz mental keçmişinə hörmətlə baxıb, onu unutmayan, müasir gələcəyinə inamla addımlayan bir Azərbaycan görməkdir.

Biz Ağ Partiyası Azərbaycan olaraq “AK” Partiyanın yürütdüyü “yeni osmançılıq” (Neo Ottamanism) siyasətinin türk-islam coğrafiyasında təbliğinin, yayılmasının və inkişafının tərəfdarıyıq. Azərbaycanın Səfəvi keçmişini də nəzərə alsaq, Osmanlı-Səfəvi reallığının birləşdirilməsi ilə “milli barışığa” nail olmaq Ağ Partiyanın ümdə məqsədlərindəndir. “Yeni osmançılıq” - ”Səfəvilik” sintezi fərdlər, şəxslər deyil, məhz dərin, tarixi milli görüş ideologiyası üzərində qurulan siyasətin lokomotivinə çevirilə bilər. Təkcə yaxın keçmişimiz olan 1918-ci ildə Azərbaycan və Osmanlının vəhdətinin nəticəsində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu nəzərə alsaq bu ideologiyanın regionumuza yalnız uğur gətirəcəyinə şübhəmiz qalmır.

Türk nüfuzu üzərində qurulacaq “yeni osmanlı” ideoloji strategiyası, AK Partiya – Ağ Partiyası birlik nümunəsi digər türk respublikalarını da əhatə edərək böyük siyasi–ideoloji ənənənin təməlini qoyacaq. Bunun nəticəsində mifik görünən “Böyük Turan dövləti” fərqli formasiyada olsa da, öz varlığını göstərməyə başlayacaq. Ən azından ilkin olaraq bu partiyaların birgə fəaliyyəti iki türk dövlətinin xarici siyasət strateji kursunun çalarlarının müəyyənləşdirilməsinə və koordinələşdirilməsinə yardımçı olacaq.
Yuxarıda qeyd edilənlərin reallaşdırılması məqsədiylə bu ideologiyanın türk-islam dünyası üçün cazibə mərkəzinə çevirilmək vaxtı gəlib çatıb. Bunun üçün ilk olaraq bütün türk-islam coğrafiyasında “yeni osmançılıq” ideologiyalı siyasi partiyaların yaranması və kordinəli fəaliyyəti ilk və ən vacib addımlardan olmalıdır. Qeyd olunan coğrafiyada dini radikallığın artdığı indiki dövürdə sivil dünya üçün də ən uğurlu İslam və demokratiya modeli olan bu günün mühafizəkar-demokrat Türkiyə siyasi modeli digər bütün müsəlman ölkələri üçün nümunə götürülməlidir. İslam və demokratiya çalarları ilə oluşan bu sistem, həm də özünə məxsus sosial–mədəni tərzə sahibdir.
Ağ Partiyası islam dünyasında radikal, reaksioner mühafizakarlığın qarşısını alan, özündə bütün sosial, mədəni, dini, etnik, siyasi, iqtisadi çevrələri birləşdirən mühafizakar–demokrat kimlikli sağ mərkəzin Azərbaycandakı nümayəndəsidir. Bu yanaşmanın da arxasında uzlaşma mədəniyyətinə söykənən siyasət durur. Ağ Partiyasının siyasi kursu mühafizəkar–demokrat millət iradəsi üstəgəl insanların ortaq dəyərlərinə söykənən fərqli, tolerant, dəyişimə meyilli, dinamik, azad, hüquqi vətəndaş cəmiyyətinin qurulmasını hədəfləyir. Ölkədə hər bir problemin həllinin toplum olaraq birlikdə axtarılması, demokratik sistem meyarları ilə ortadan qaldırılması lazım. Bütün bunları həyata keçirməyin də yolu kabinetlərdən, otaqlardan çıxıb, xalq adlanan məhfumun ayağına getmək, beləliklə də Azərbayacana gerçək siyasət, peşəkar siyasətçilər bəxş etməkdir.

Ağ Partiyasının ilk hədəflərindən biri də Azərbaycan siyasi arenasındakı anormal siyasi münasibətlərin normal siyasi münasibətlərlə əvəzlənərək sağlam siyasi mühitin formalaşdırılmasıdır. Azərbaycan siyasi səhnəsi istər iqtidar, istərsə də müxalifət düşərgəsində illərdir ki, reallıqdan uzaq, populist və pafosla dolu bəyanatlar püskürən, dedikləri ilə həyata keçirdikləri üst–üstə düşməyən siyasilər, heç bir siyasi fəlsəfəyə uymayan partiyalar, hərəkatlar və qısa zaman sürəsinə uyğun hərəkət edən avantüristlərlə bol olub. Belələri artıq nisbətən sıradan çıxmalarına baxmayaraq, hələ də təəssüf ki, az deyillər.

Ağ Partiyası​nın qurulmasının əsas səbəblərindən biri də ölkə daxilində köhnə, müasir dünya ilə uzlaşmayan, ötən əsrdən qalan sovet konyukturlu, bürokrat, partokrat, kabinet siyasi sistemdən qurtulmaqdır. İqtidar–müxalifət münasibətlərini sivil müstəviyə gətirmək, lazımsız və hamıya ziyan verən düşmənçilik siyasətinə son qoyaraq onu rəqabət siyasi mühiti ilə əvəzləməkdir. Eyni zamanda müasir, inkişaf etmiş dövlət, yüksək təhsilli, azad vətəndaş şüarını respublikada əsas prioritetə çevirmək, dövlət–vətəndaş–din münasibətlərini leqal, hüquqi müstəvidə həll edib, yüksək səviyyədə sivil münasibətlərə çatdırmaq əsas qayələrimizdəndir.

Ağ Partiyası fərqli siyasi və dünyəvi cizgilərdən gələn insanların bəlli dəyərlər üzərində birləşmə nöqtəsidir. Ağ Partiyası tez–tez “Biz və onlar “ ifadəsini istifadə edən ənənəviliyi, marginallığı rədd edir. Ağ Partiyası “Biz“ deməkdir!

Biz dəyişikliyə qarşı deyilik, biz totalitar, avtokrat, radikal, reaksioner dəyişikliyə qarşıyıq. Azərbaycanda mühafizəkar demokratiya qurmaq üçün Ağ Partiyasının yaradılması artıq bir zərurət və sosial sifariş halına çevrilmişdi. Ağ Partiyasının son hədəfi respublika, region və dünyada real və normativ siyasətlə ideoloji xətti birləşdirib, tutarlı siyasət ortaya qoyub, Azərbaycanın mənafeyinə uyğun nəticə qazanmaqdır.

Qarşıya qoyulan bütün hədəf və məqsədlərə nail olmağın yeganə yolunu “AK” partiya siyasi xəttinin Azərbaycanda və digər türk-islam dövlətlərində yayılmasında və inkişafında görürük. Bunun da məntiqi nəticəsi türk-islam dövlətlərində mühafizəkar–demokrat kimliyə malik olan partiyaların hakim partiyaya çevrilməsidir. Bununla da “yeni osmançılıq” siyasi ideoloji xəttini daha təşkilatlanmış və güclü formada, bütöv dövlətlər, iqtidarlar səviyyəsində dünya dəngələrini dəyişə biləcək mərkəzləşmiş güc halına gətirib çıxara bilərik.