• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

ŞƏHƏR VƏ RAYON TƏŞKİLATLARI

Ağ Partiya Şəhər və Rayon təşkilatlarının vəzifələri və hüquqları

1.Ümumi müddəalar

1.1 AĞ Partiyasının yerli təşkilatları (bundan sonra – yerli təşkilat) Partiyanın strukturuna daxil olan və bu Əsasnamə ilə müəyyən edilmiş istiqamətlər üzrə Azərbaycan Respublikasının inzibati ərazi vahidlərində (rayon, şəhər, şəhər rayonu) fəaliyyət göstərən qurumlardır.

1.2 Yerli təşkilat qanunvericilik, Ağ Partiyasının (bundan sonra - AğP) Nizamnaməsi, orqanlarının qərarları və bu Əsasnamə əsasında fəaliyyət göstərir.

1.3 Yerli təşkilat öz fəaliyyətini AğP-ın orqanları (qurumları) ilə əlaqəli şəkildə həyata keçirir.

2 . Yerli təşkilatın fəaliyyət istiqamətləri

Yerli təşkilat müvafiq inzibati ərazi vahidində AğP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsini təmin edir, habelə AğP-ın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirir.

3. Yerli təşkilatın vəzifələri

3.1. AğP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsində iştirak etmək, bu sahədə vəziyyəti öyrənmək, mövcud olan problemlərin həlli istiqamətində tədbirlər görmək və AğP-ın Mərkəzi Aparatına (bundan sonra – Mərkəzi Aparat) təkliflər vermək;

3.2. AĞ Partiya Mərkəzi Aparatının verdiyi tapşırıq və tövsiyələri icra etmək

3.3. yerli təşkilatın fəaliyyətinə dair AğP-ın rəhbər orqanlarına layihə təklifi vermək, və onun hazırlanmasında iştirak etmək;

3.4. AĞ Partiyanın fəaliyyəti, o cümlədən Proqramı barədə aidiyyəti ərazidə öz üzvlərinə və əhaliyə məlumatlar və izahatlar vermək, müvafiq təbliğat və təşviqat işində iştirak etmək;

3.5. qanunvericiliyə əsasən və Mərkəzi Aparatın müəyyən etdiyi qaydada seçki və referendumlara hazırlıq və onların keçirilməsi ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində təşkilati və təbliğat işlərini həyata keçirmək;

3.6. kütləvi informasiya vasitələrində yerli təşkilatın fəaliyyətinin işıqlandırılmasını təmin etmək, ictimai-siyasi maraq doğuran aktual məsələlərlə əlaqədar yazılar, müsahibələr, təhlillər və materiallarla çıxış etmək;

3.7. daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.8. “Sərbəst toplaşma azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İdarə Heyətinin razılığı ilə müvafiq ərazidə yığıncaqlar, mitinqlər, nümayişlər, yürüşlər, piketlər və toplantılar təşkil etmək;

3.9. üzvlük haqlarının İdarə Heyətinin müəyyən etdiyi məbləğdə və qaydada toplanmasını təmin etmək;

3.10. Mərkəzi Aparat tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Yerli təşkilatın hüquqları

4.1. AĞ Partiyanın Nizamnaməsindən irəli gələn səlahiyyətlərinin həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

4.2. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq.

4.3. AĞ Partiya qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək;

4.4. siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa dair təkliflər hazırlamaq;

4.5. xüsusi xidmətləri olan AĞ Partiya üzvlərinin və digər şəxslərin həvəsləndirilməsi üçün tədbirlər görmək, onların təltif və mükafatlandırılması üçün təqdimat vermək;

4.6.AĞ Partiyanın orqanlarına (qurumlarına), dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.7. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək, bu cür tədbirlərdə iştirak etmək;

4.8. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ianələr və digər gəlirlər əldə etmək;

4.9. Mərkəzi Aparat tərəfindən müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Yerli təşkilatın fəaliyyətinin təşkili

5.1. Yerli təşkilat İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. AĞ Partiya ləğv olunduğu halda Partiyanın yerli təşkilatları da ləğv edilir.

5.2. Yerli təşkilatın fəaliyyətinə yerli təşkilatın sədri rəhbərlik edir.

5.3. Yerli təşkilatın sədri İdarə Heyətinin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Yerli təşkilatın sədri qanunvericiliyin, AĞ Partiya Nizamnaməsinin, orqanlarının qərarlarının və bu Əsasnamənin tələblərinə əsasən öz səlahiyyətlərini icra edə bilmədikdə və ya onun fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə o, intizam tənbeh tədbiri olaraq vəzifəsindən azad oluna bilər. Yerli təşkilat sədrinin vəfat etdiyi və ya AğP-da üzvlüyünə xitam verildiyi halda o, yerli təşkilatın sədri vəzifəsindən azad edilmiş hesab olunur. Yerli təşkilat sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Mərkəzi Aparat rəhbərinin əmri ilə rəsmiləşdirilir.

5.4. Yerli təşkilat sədrinin bir neçə müavini vardır. Sədrin müavinini Mərkəzi Aparatın rəhbəri ilə razılaşdırmaqla təyin olunur və vəzifədən azad edilir . Sədr müavini qanunvericiliyin, AĞ Partiya Nizamnaməsinin, orqanlarının qərarlarının və bu Əsasnamənin tələblərinə əsasən öz səlahiyyətlərini icra edə bilmədikdə və ya onun fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə o, intizam tənbeh tədbiri olaraq vəzifəsindən azad oluna bilər.

6. Yerli təşkilatın sədri:

6.1. yerli təşkilatın cari fəaliyyətini təşkil edir, Aparatını formalaşdırır və ona rəhbərlik edir;

6.1.1 yerli təşkilatı dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, habelə yerli, xarici və beynəlxalq təşkilatlarda təmsil edir

6.1.2 Mərkəzi Aparata yerli təşkilatın fəaliyyəti barədə rüblük hesabatı və qarşıdakı rüblər üçün fəaliyyət proqramını təqdim edir;

6.2. maliyyə-təsərrüfat fəaliyyəti barədə AğP-ın Mərkəzi Aparatına rüblük hesabat təqdim edir

6.2.1 yerli təşkilatda qeydiyyatda olan AĞ Partiya üzvlərinə münasibətdə AğP-ın Nizamnaməsi ilə nəzərdə tutulmuş intizam tənbeh tədbirlərinin tətbiqi barədə Mərkəzi Aparata təqdimat verir;

6.2.2 ərazi partiya təşkilatlarının yaradılması, yenidən təşkili və ləğvi haqqında qərar qəbul edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;

6.2.3 yerli təşkilatın fəaliyyəti ilə bağlı əmrlər verir, onların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;

6.2.4 yerli təşkilatın sərəncamında olan maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

6.2.5 kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir

6.2.6 Konfransda yerli təşkilatın fəaliyyətinə dair hesabat təqdim edir;

6.2.7 qanunvericiliyə əsasən və Mərkəzi Aparatın müəyyən etdiyi qaydada seçkilər və referendum zamanı seçki dairələri və məntəqələrinə AğP-dan əsas və məşvərətçi səs hüquqlu nümayəndələri, müşahidəçiləri, həmçinin İdarə Heyətinin razılığı ilə yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı namizədləri irəli sürür;

6.2.8 icrası yerli təşkilatın səlahiyyətlərinə aid edilən məsələlərin öyrənilməsi və həlli üçün işçi qruplar yaradır;

6.2.9 Yerli təşkilatın sədri öz səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini müavini icra edir.

6.2.10 Mərkəzi Aparat tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.

7. Yerli təşkilatın Konfransı

7.1. Yerli təşkilatın Konfransı qurultayqabağı və beş ildə bir dəfədən az olmayaraq çağırılır.

7.2. Yerli təşkilatın növbədənkənar Konfransı AĞ Partiyanın İdarə Heyətinin qərarı və ya yerli təşkilatda qeydiyyatda olan AĞ Partiya üzvlərinin ən azı üçdə iki hissəsinin müraciəti ilə çağırılır.

7.3. Yerli təşkilatın Konfransında ərazi partiya təşkilatını onun sədri, üzürlü səbəbdən iştirak edə bilmədikdə isə onun müavini təmsil edir.

7.4. Konfransda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir və AğP-ın İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq AğP-ın Qurultayına nümayəndələr seçilir.

7.5. Konfrans nümayəndələrinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Qərarlar Konfransda iştirak edən iştirakçıların sadə səs çoxluğu ilə qəbul olunur.

7.6. Konfransın qəbul etdiyi qərarlar və qərarlara əlavə edilmiş materiallar, audio və video yazılar rəsmi olaraq Mərkəzi Aparata göndərilir.

7.7. Konfransın qərarları yerli təşkilatın fəaliyyətinə qiymət verilərkən Mərkəzi Aparat tərəfindən nəzərə alınır.