• +994 55 995 28 91
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

PARTİYANIN İQTİSADİ PROQRAMI

Ağ Partiyanın iqtisadi proqram layihəsi

• İnkişaf
• Stabillik
• Bərabərlik

1. İQTİSADİ PLATFORMAMIZ

Partiyamızın iqtisadi missiyası insanlarımızın firavanlıq və yaşayış səviyyəsini yüksəltmək, ölkədə isə iqtisadi stabilliyə nail olmaqdır. Azərbaycan Respublikası gənc əhalisinin və yüksək təşəbbüskarlıq ruhlu insanlarının sayına, zəngin təbii ehtiyatlarına, tarixi və təbii gözəlliklərinə və o cümlədən də, geostrateji mövqeyinə görə böyük iqtisadi inkişaf potensialına malik ölkədir.
Ölkəmizin qeyd olunan potensialını hərəkətə gətirmək məqsədilə partiyamız “fasiləsiz və davamlı iqtisadi inkişaf strategiyası” seçmiş və ilkin olaraq 8 ədəd strateji reform həyata keçirməyi planlaşdırır. Bu strategiyaların həyata keçirilməsi nəticəsində yoxsulluq və işsizlik səviyyəsi azalacaq, gəlir bölgüsündə ədalət təmin olunacaqdır.
Beləcə, ölkəmiz qısa müddət ərzində inkişaf etmiş ölkələrin səviyyəsinə qalxacaq, beynəlxalq arenada söz sahibi olacaq və vətəndaşlarımızın həyat keyfiyyəti yüksələcəkdir. Nəzərdə tutduğumuz əsas strateji reformlar aşağıdakılardır:

1. Özəl sektorun canlandırılması.
a. Yüksək dəyərli məhsul və xidmətlər üzərində fokuslanmaq;
b. Şirkətlərin fəaliyyətini çətinləşdirən və onların işinə əngəl törədən maneələri aradan qaldırmaq;
c. Təşəbbüskarlığı və innovasiyaları təşviq etmək;
d. Rəqabətə davamlı səmərəlilik və məhsuldarlığı artırmaq;
e. Kiçik və orta sahibkarları dəstəkləmək;
f. Regionların iqtisadi potensialını ortaya çıxarmaq və inkişaf etdirmək.

2. İxtisaslı işçi qüvvəsinin yetişdirilməsi, xarici işçi qüvvəsindən asılılığın azaldılması.

a. Yerli ixtisaslı işçi qüvvəsi yetişdirmək;
b. Mövcud işçi qüvvəsinin ixtisaslaşmasını təmin etmək;
c. Ölkədəki ixtisaslı kadrların xarici ölkələrə miqrasiya etməməsi üçün çalışmaq, xarici ölkələrdə yaşayan azərbaycanlı ixtisaslı kadrları isə ölkəyə cəlb etmək;
d. Maaşların artırılmasına əngəl olan əmək bazarındakı mövcud maneələri aradan qaldırmaq;
e. Xarici işçi qüvvəsindən asılılığı minimuma endirmək.

3. Rəqabətə davamlı daxili iqtisadiyyatın qurulması.

a. Rəqabət yolu ilə iqtisadi səmərəliliyi artırmaq;
b. Təşəbbüskarlıq potensialı yüksək olan sahibkarları dəstəkləmək;
c. Təbii ehtiyatların lazımsız yöndə və səmərəsiz istifadəsinə səbəb olan iqtisadi problemləri aradan qaldırmaq.

4. Dövlətin iqtisadi sektorundakı mənfiliklərin aradan qaldırılması.

a. Qərarların qəbulu və icra prosesinin effektiv olmasını təmin etmək;
b. Xidmətlərin operativ yerinə yetirilməsini təmin etmək;
c. Rüşvət, korrupsiya, zəif idarəetmə hallarını aradan qaldırmaq;
d. Strateji planların effektiv tətbiq edilməsi üçün etibarlı şəbəkə qurmaq;
e. Dövlət maliyyəsinin idarəedilmə prosesini gücləndirmək;
f. Dövlət tenderlərinin saxtalaşdırılması hallarını aradan qaldırmaq.

5. Şəffaf və bazara hesablanmış proqramların həyata keçirilməsi.

a. Gəlir paylaşımında ədalətsizliyi aradan qaldırmaq;
b. Sərbəst bazar mexanizmləri yaratmaq;
c. Bölgələr arasındakı iqtisadi fərqləri minimuma endirmək;
d. Yüksək performanslı iqtisadi fəaliyyətləri mükafatlandırmaq;
e. Hər kəsin bərabər və ədalətli şərtlərlə iqtisadi fəaliyyətə qatılmasını təmin etmək.

6. İnnovasiya infrastrukturunun qurulması.

a. Xarici ölkələrdən yeni texnologiyalar və innovasiyalar almaq;
b. İnnovasiyaların təşviqi üçün informasiya mühiti hazırlamaq;
c. İnnovativ mərkəzlər və innovasiya təşəbbüsləri yaratmaq;
d. Yeni texnologiyaların yaradılması üçün güclü institutlar və beyin mərkəzləri qurmaq.

7. İnkişaf mənbələrinin genişləndirilməsi.

a. Xarici bazarlara ilk daxil olanlardan olmaq və rəqabət üstünlüklərindən faydalanmaq;
b. Məhsullar arasında güclü inteqrasiyanı təmin etmək;
c. Yeni bazarlar yaratmaq, xarici bazarlara çıxış əldə etmək;
d. İxtisaslaşmış iri sənaye müəssisələri qurmaq;
e. İnnovasiya potensialını canlandırmaq;
f. Real sektordakı fəaliyyətləri maliyyə xidmətləri ilə birləşdirmək.

8. Davamlı inkişafın təmin olunması.

a. Təbii sərvətləri qorumaq və səmrəli istifadəsini təmin etmək;
b. Rəqabət qabiliyyətli yüksək dəyərli mal və xidmətlərin istehsalını artırmaq;
c. Beynəlxalq standartlara cavab verən istehsal sahələri qurmaq;
d. Yaşıl investisiyalar (green investment) üçün kredit və maliyyə dəstəyi təmin etmək.

Qeyd olunan strategiyalara müvafiq olaraq partiyamız iqtisadi prinsiplərini, hədəflərini və siyasətini müəyyən etmiş və bunların effektiv formada həyata keçirilməsi üşün metodlar işləyib hazırlamışdır.

Partiyamızın əsas iqtisadi prinsipləri aşağıdakılardır:

• İlkin istiqamət olaraq sosial yönümlü sərbəst bazar iqtisadiyyatı modeli seçilmişdir;
• İqtisadi inkişafın mənbəyi və hədəfi olaraq insan faktoru əsas götürülür.
• Bütün strukturları və qaydaları ilə birgə işlək bazar iqtisadiyyatı;
• Dövlətin bir çox iqtisadi proseslərdən kənarlaşdırılması və əsas etibarı ilə iqtisadi fəaliyyətlərin tənzimləyicisi və nəzarət edicisi rolunda çıxış etməsi nəzərdə tutulur;
• Daha səmərəli iqtisadi strukturun yaradılması üçün özəlləşdirmənin önəmli bir vasitə olduğu unudulmamalıdır. Bəzi strateji obyektlər xaricində bütün dövlət müəssisələri və o cümlədən, müəssisələrdəki və banklardakı dövlət payları özəlləşdirilməlidir;
• Qloballaşan dünya ilə ayaqlaşacaq struktur dəyişikliklərinin ən az xərclərlə reallaşdırıla biləcəyinə və bunun ən doğru yolunun beynəlxalq rəqabət gücünün artırılması olduğuna inanırıq. Ölkəmizin iqtisadi rəqabət gücünün artırılması siyasi və iqtisadi gələcəyimiz baxımından strateji önəm daşıyır;
• Beynəlxalq informasiya və təcrübə mübadiləsinin və o cümlədən, xarici investisiyaların Azərbaycan iqtisadiyyatının inkişafına köməklik göstərəcəyinə inanırıq;
• Dövlət və bələdiyyə xidmətlərində müxtəliflik, keyfiyyət, səmərəlilik, effektivlik və vətəndaş məmnuniyyəti əsas götürülür;
• Beynəlxalq normalar və mədəni köklərimizin qarışığından yaranan etik dəyərlərin iqtisadi fəaliyyətlərin hər sahəsində əks olunması mütəmadi və davamlı inkişafın əsas şərtidir;
• Avropa Birliyi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, İslam İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla olan əlaqələrimiz ölkəmizin iqtisadi mənfəəti və milli maraqlarımız doğrultusunda davam etdiriləcəkdir.

Bu çərçivədə partiyamızın əsas iqtisadi hədəfləri aşağıdakılardır:

• Yerli istehsalın təşkil olunması, tələb olunan məhsul və xidmətlərin istehsalının artırılması;
• İnnovasiya infrastrukturunun yaradılması;
• İlkin olaraq idxaləvəzləyici və daxili bazara hesablanmış sadə istehlak mallarının istehsalının təşkil edilməsi;
• İşsizlik səviyyəsinin azaldılması, həyat bahalılığının qarşısının alınması, gəlir bölgüsündə ədalətin təmin olunması və sosial gərginliyin aradan qaldırılması;
• İqtisadiyyatda sabitliyə mane olan ədalətsiz gəlir bölgüsü və ədalətsiz rəqabətin aradan qaldırılması, effektiv sanksiyalar sisteminin qurulması, inhisarçılığın kökündən ləğv edilməsi;
• Sahibkarlara iqtisadi azadlıqların verilməsi, orta və kiçik sahibkarlara dəstək verəcək siyasi, bürokratik və anlayış dəyişikliklərinin təmin olunması;
• İxracyönümlü sahələrin inkişaf etdirilməsi, ilkin olaraq aqrar sferanın və daha sonra isə sənaye sahələrinin inkişaf etdirilməsi, xarici ticarətin təşkili;
• Xarici investorların ölkəyə cəlb edilməsi ilə rəqabətə davamlı tekstil, maşınqayırma, neft sənayesi avadanlıqları, tikinti materialları, kimya və tibb sənayesi sahələrinin yaradılması. Xüsusilə, tanınmış markaların fabriklərinin ölkədə qurulması;
• Xarici investorların ölkəyə cəlb edilməsi üçün onlara güzəştlərin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması və sərbəst ticarət zonalarının yaradılması;
• Dövlət məmurlarının əmək haqlarının azaldılması, xarici şirkətlərə bank kreditlərinin verilməsinə son qoyulması, dövlət tərəfindən prioritet sahələrin maliyyələşdirilməsi.

Bu hədəflərə nail olmaq üçün partiyamız aşağıdakı iqtisadi siyasəti icra edəcəkdir:

• Ölkədəki təbii sərvətlərin istehsal məqsədilə istifadə edilməsi, informasiya, texnologiya və səmərəliliyə söykənən istehsal iqtisadiyyatının formalaşdırılması;
• İqtisadi sabitliyə inkişafla, inkişafa isə investisiyalar vasitəsilə nail olunacağına inanırıq. Bu səbəblə də, yalnız məşğulluq səviyyəsini yüksəldəcək və istehsala istiqamətlənmiş investisiyaların dəstəklənməsi;
• Maliyyə sektorunun istehsalı dəstəkləyəcək formada qurulması və yeni maliyyə institutları və metodlarının inkişaf etdirilməsi;
• Bölgələrin balanslaşdırılmış inkişafını təmin edəcək tənzimləmələrin həyata keçirilməsi, bütün bölgələrimizin iqtisadi potensialından effektiv və məhsuldar formada istifadə olunması;
• Vergi reformlarının icra edilməsi;
• Xərc islahatlarının təxirə salınmadan nəzərdən keçirilməsi;
• Dövlətin imkanlarından xüsusi mənafelər üçün istifadə olunmasının qarşısının alınması;
• Ümumbəşəri standartlara tam uyğun olan hüquq nizamının, etibarlı və işləyən ədalət mexanizminin yaradılması, mülkiyyət hüquqlarının zamanət altına alınması, bazara və resurslara sərbəst çıxış imkanlarının təmin olunması;
• Başda ticarət və sənaye palatası olmaq üzrə, iqtisadiyyatla əlaqəli olan bütün qeyri-hökumət təşkilatlarının iqtisadi siyasətin müəyyən edilməsində və icra edilməsində iştirakının təmin olunması;
• Effektiv, etibarlı və milli əxlaqi dəyərlərə söykənən iqtisadi metodun tətbiq edilməsi;
• Gündəlik, populist, qısa müddətli iqtisadi anlayış əvəzinə, həqiqi, uzun müddətli, islahatçı və dinamik iqtisadi anlayışın mənimsənilməsi;
• Cəmiyyətin əsas makro göstəricilərlə bağlı zamanında doğru informasiya əldə etməsini təmin etmək. Bununla əlaqədar lazımi hüquqi və inzibati tənzimləmələrin həyata keçirilməsi;
• İqtisadiyyatın idarə olunmasında pərakəndəliyin aradan qaldırılması, müvafiq qurumların sayının azaldılması, daxili təşkilatlanma, əməkdaşlıq və koordinasiya nizamının, idarəetmə mexanizmlərinin, siyasətin müəyyən edilməsi, icra edilməsi və nəzarət etmə mexanizmlərinin işlənib hazırlanması.

2. DÖVLƏT MALİYYƏSİ

A. Büdcə.

Xalqın ödədiyi vergi və rüsumlardan formalaşan büdcənin hansı istiqamətdə xərclənəcəyi ilə bağlı iqtidar böyük əxlaqi məsuliyyət daşıyır. Xalq ödədiyi vergilərin hesabatını bilmək haqqına sahibdir. Büdcə əsas etibarilə dövlət xərclərinin və dövlət investisiyalarının maliyyələşdirilməsinə və o cümlədən, sosial təminatların verilməsinə yönləndiriləcək.

Bu istiqamətdə:
• Büdcənin hazırlanması zamanı balans və iqtisadi sabitlik əsas götürüləcək;
• Büdcə ilə əlaqədar şəffaflığı və hesabat vermə məsuliyyətini təmin edəcək mexanizmlər qurulacaq;
• Dövlət büdcəsinin hazırlanmasında və təftişində parlament və digər qurumlar daxil olmaqla, qeyri-hökumət təşkilatlarının da təsiri artırılacaq. Büdcə ilə əlaqədar əsas məsələlərin plan və büdcə komissiyasında, təşkilati büdcənin isə ixtisaslaşmış komissiyalarda müzakirəsinin təşkili təmin olunacaq;
• Hər şeydən əvvəl, sabitliyi, şəffaflığı, effektivliyi və səmərəliliyi təmin edən xərc islahatları icra ediləcək;
• İqtisadi və sosial faydalı layihələr xaricində, büdcədən infrastruktur layihələrinin maliyyələşdirilməsinə son veriləcək;
• Büdcə daxilində təhsil və səhiyyə başda olmaqla sosial xərclərin artırılması və bu xidmətlərin kefiyyətinin beynəlxalq standartlara çatdırılması təmin ediləcək;
• Dövlət qurumları nəzdnində təsis edilən fondların, cəmiyyətlərin, dərnəklərin, sosial təsisatların fəaliyyəti, daxili və xarici təftişi yeni əsaslarla həyata keçiriləcək.

B. Vergi.

Vergi cəmiyyət tərəfindən istehsal olunan dəyərlərin bir hissəsinin dövlətlə paylaşılmasıdır. Bu baxımdan vergi bilavasitə dövlət xərclərinə və investisiyalara təsir etməkdədir. Vergilərin struktur və xüsusiyyətləri xərclərə və yığıma dair qərarların istiqamətinə və formasına təsir etdiyindən, mütəmadi və davamlı iqtisadi inkişafa uyğun vergi siyasəti önəm daşıyır.

Bu istiqamətdə:

• Vergi qanunvericiliyinin sadələşdirilməsi, vergilərin sayının azaldılması, ƏDV daxil olmaqla vergi dərəcələrinin aşağı salınması və vergilərin ədalətli tətbiq olması təmin ediləcək;
• İstehsal, xidmət və ticarət sektorunda hər bir əməliyyat qeydiyyatdan keçiriləcək və sənədləşdiriləcək;
• Hər bir üst səviyyəli dövlət qulluqçusu, millət vəkili və məhkəmə hakimi öz gəlirləri və əmlakı ilə bağlı illik vergi bəyannaməsi təqdim edəcək;
• Vergilərin sadəcə maliyyə məqsədilə deyil, sosial və iqtisadi hədəflərə çatmaq üçün bir vasitə kimi daha effektiv istifadə edilməsi təmin ediləcək;
• İnflyasiyadan yaranan effektiv gəlirlərin vergiyə cəlb olunmasının qarşısını alacaq tədbirlər görüləcək;
• Sənədləşmə qaydalarının sadələşdirilməsi, qeydiyyatdan kənar iqtisadi fəaliyyətlərin vergiyə cəlb olunması və vergi bazasının genişləndirilməsi təmin olunacaq;
• Vergi sistemində ədalətli olmayan və aşağı gəlirli əhalinin iqtisadi vəziyyətini çətinləşdirən qaydalar ləğv ediləcək. Kiçik və orta sahibkarların, sənətkarların, fəhlələrin, təqaüdçülərin və aşağı gəlirli digər əhali təbəqələrinin gəlirləri qorunacaq;
• Vergi sistemi effektiv vergitutmalar üçün yenidən qurulacaq;
• Bəzi vergilərlə əlaqədar səlahiyyətlər yerli özünüidarəetmə orqanlarına veriləcək.

C. Dövlət borcları.

Dövlət borclarının qəbul edilən səviyyədən yuxarı olması bütün ölkə iqtisadiyyatına təsir edəcək problemlərə səbəb olur. Nəticədə, dövlət valyuta bazarının ən böyük müştərisinə çevrilir, özəl sektorun istifadə edəcəyi vəsaitlər kifayət etmir, kredit xərcləri yüksəlir və iqtisadiyyatın fəaliyyəti nizamsız hal alır.

Dövlət borclarını azaltmaq və ona nəzarət etmək məqsədilə partiyamızın hədəfləri:

• Yeni gəlir mənbələrini hərəkətə gətirmək, xərc intizamı təmin etmək və dövlət xidmətlərində effektivlik və səmərəliliyi artırmaq;
• Real borc miqdarı ilə artım sürəti arasında uyğunluğa nəzarət etmək; • Uzun müddətli borcları geri ödəmə qabiliyyətili investisiyalara istiqamətləndirmək;
• Qısa müddətli borcları maliyyə məqsədilə deyil, nağd pul tarazlığını təmin etmək məqsədilə istifadə etmək;
• Daxili və xarici borcların real xərcləri nəzərə almaqla effektiv idarə olunmasını təmin etmək;
• Dövlət Neft Fonu, Mərkəzi Bank, Maliyyə Nazirliyi və iqtisadiyyatla əlaqədar digər orqanlar arasında effektiv koordinasiyanı təmin etmək. Bütün dövlət qurumlarında nağd ödəmələrin və borc ehtiyaclarının müəyyən edilməsi məqsədilə təftiş aparmaq.

3. BANK SİSTEMİ

Partiyamız, bank sisteminin restrukturizasiyası və kiçik bankların birləşdirilərək iri rəqabət qabiliyyətli maliyyə korporasiyalarının yaradılması proqramını təklif edir. Xüsusilə, faizsiz kredit və ssuda təmin edən maliyyə-kredit sisteminin (interest free banking) yaradılması uyğun görülür. Tərkibində Mərkəzi Bank, müxtəlif kommersiya bankları, Eximbank, İslam İnkişaf Bankı, xarici banklar və ya xarici kapitalın iştirak etdiyi banklar, bank olmayan kredit təşkilatları və maliyyə institutları yer alan bank sistemi qurmağı nəzərdə tuturuq. Bu istiqamətdə:
• Xarici valyutaların manata nisbətən məzənnəsi sərbəst şəkildə tələb və təklif əsasında müəyyənləşdiriləcək;
• Azərbaycan bank sistemində xarici kapitalın xüsusi çəkisi artırılacaq;
• Ölkədəki müəssisələrin səhmlərinin və başqa kooperativ qiymətli kağızların alınıb-satıldığı, Dünya Birjalar Federasiyasının üzvü olacaq beynəlxalq səviyyəli fond birjası formalaşdırılacaq. O cümlədən, ölkədəki müəssisələrin qiymətli kağızlarının beynəlxalq fond birjasına çıxışı təmin ediləcək.

Mərkəzi Bankın fəaliyyət istiqamətləri:

• Mərkəzi Bankın əsas məqsədi məntiqli pul-kredit siyasətinin həyata keçirilməsi, inflyasiyanın uzun müddətli olaraq aşağı və sabit templərdə saxlanılması və alıcılıq qabiliyyətinin qorunması olacaq. İnflyasiya təqribən 0,6 % səviyyəsində saxlanılacaq, dövlət tərəfindən təqribən 30 % malların qiymətinə nəzarət ediləcək;
• Mərkəzi Bank maliyyə infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayacaq. Əsas diqqət mərkəzində effektiv və təhlükəsiz ödəniş sisteminin və o cümlədən, kompleks, etibarlı və davamlı maliyyə sistemi üçün lazımi institutların formalaşdırılması olacaq;
• Mərkəzi Bank dövlətin pul vahidinin emissiyasını həyata keçirən, ölkənin beynəlxalq rezervlərini idarə edən və makroiqtisadi siyasətdə və dövlət borclarının idarə edilməsində hökumətin məsləhətçisi rolunu oynayan müstəqil qurum olacaq.
Mərkəzi Bankın fəaliyyətlərinin yeddi funksional sahəni əhatə etməsi nəzərdə tutulur. Onlara qısaca nəzər salaq:

1. İqtisadiyyat və pul-kredit siyasəti: İlk növbədə pul-kredit siyasətinin işlənib hazırlanması ilə bağlı məsələlərin həllində təkmil texniki və elmitədqiqat dəstəyinin təqdim edilməsi;
2. İnvestisiya və əməliyyatlar: Xarici rezervlərlə milli valyutanın daxili likvidlik və kursunun idarə edilməsi; Hökumətə konsultativ yardım və köməklik göstərilməsi, daxili maliyyə bazarının inkişafına yardım edilməsi;
3. Tənzimləmə: Maliyyə strukturlarının rəqabətqabiliyyətli olmasına köməklik və maliyyə sektorunda stabilliyin yüksəlməsinin təmin edilməsi;
4. Ödəniş sistemləri: Repo, əks-repo əməliyyatları və valyuta hərraclarının həyata keçirilməsi;
5. Nəzarət: Təftiş və nəzarətin həyata keçirilməsi;
6. Təşkilati-inkişaf: Yeniliklər və innovasiyaların tətbiq edilməsi. 7. İctimaiyyətlə əlaqələr və rabitə sahəsi.

• Faizsiz bank (interest free banking) sisteminə görə kredit və ya ssuda qarşılığında faiz alınmır. Faizsiz kredit sistemi – investisiyadan əldə edilən mənfəətin kreditor və borcalan arasında bölüşdürülməsi prinsipinə əsaslanır. İki növ kredit əməliyyatı icra olunur:

1-ci: Maliyyə təşkilatları depozit hesablarına resurslar cəlb edirlər və bu resurslar ciddi və razılaşdırılmış mənfəət payı qarşılığında müxtəlif layihələrə investisiya edilir. Əgər layihə zərərli çıxarsa, o zaman zərəri yalnız borcalan tərəf ödəyir;
2-ci: İnvestorlar (kreditor və borcalan) sərmayə qoyuluşu həyata keçirirlər və əldə edilən gəlir və ya zərər, hər bir iştirakçının hissəsinin həcminə müvafiq olaraq onlar arasında bölüştürülür.

4. ÖZƏLLƏŞDİRMƏ

Özəlləşdirmə daha rasional iqtisadi quruluş üçün vacibdir. Özəlləşdirmə iqtisadiyyatda səmərəliliyi artırır, dövlətin tam rəqabət şərtlərini poza biləcək fəaliyyətlərdən uzaqlaşdırılmasını təmin edir.
Bu istiqamətdə:

• Sürətli və ictimai faydanı təmin edəcək özəlləşdirməyə imkan yaradacaq hüquqi və inzibati tənzimləmələr həyata keçiriləcək;
• Sürətli və şəffaf özəlləşdirmə həyata keçiriləcək;
• Özəlləşdirmə işlərinə ciddi nəzarət olunacaq;
• Dövlət sektorundakı emal və xidmət yönümlü müəssisələrin, bankların özəlləşdirilməsi nəzərdə tutulur;
• Özəlləşdiriləcək qurumlar ilk növbədə həmin qurumda işləyənlərə, ərazi üzrə yaşayan əhaliyə, müvafiq ixtisas qruplarına və sahibkarlara təqdim ediləcək və əmlak birjası da bu prosesə cəlb olunacaq;
• Etibarlı mühit yaradılaraq xarici ölkələrdə işləyən vətəndaşlarımızın da özəlləşdirmə prosesində iştirakı təmin ediləcək;
• Strateji əhəmiyyət daşıyan sektorlarda aparılan özəlləşdirmə proseslərində milli strategiyalara üstünlük veriləcək və prioritetlər nəzərə alınacaq. Şəhərdaxili nəqliyyat sektoru, metropoliten, Azərbaycan Hava Yolları Dövlən Konserni, enerjipaylaşdırıcı və qazpaylaşdırıcı şəbəkələr, içməli su təminatı sistemi, kanalizasiya xidməti, məişət tullantılarının emal sahələri, nəzarət səhm paketi dövlətə məxsus olan bankar və s. qurumların özəl sektora verilməsi və onların işinin kommersiya prinsipləri əsasında təşkili nəzərdə tutulur;
• Hökumətin vəzifəsi, qeyd olunan sahələr və kommunal xidmətlər üzrə tariflərin tənzimlənməsi və bu xidmətlərin keyfiyyət standartlarına müvafiq icra edilməsinə nəzarətin təşkil olunmasıdır.

5. İSTEHSAL VƏ İNVESTİSİYA SİYASƏTİ

Beynəlxalq rəqabət qabiliyyətinə malik istehsalın qurulması, iqtisadi stabilliyin təmin olunması və uğurlu iqtisadi siyasətin tətbiqi böyük önəm daşıyır.
İqtisadi inkişaf ancaq istehsalın təşkili və artırılması ilə təmin oluna bilər. Bu səbəbdən dolayı istehsalın, məşğulluğun və ixracın artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi iqtisadi siyasətimizin əsasını təşkil edir.
Dövlət istehsal üçün lazımi infrastrukturu qurmalı və istehsalı təşviq etməlidir. İstehsalın aparıcı qüvvəsini təşkil edən kiçik və orta sahibkarlar və o cümlədən, xarici investorlar siyasi və iqtisadi sabitliyin olduğu, qanun prinsiplərinin işlək və etibarlı olduğu, müqavilələrin sanksiya qüvvəsinin yüksək olduğu, inflyasiya, valyuta məzənnəsi və faizlər daxil olmaqla bütün makroiqtisadi göstəricilərin stabil olduğu və iqtisadi proqnozların aparılmasının mümkün olduğu iqtisadi şəraitdə fəaliyyət göstərməyi və investisiya etməyi arzu edirlər.
Partiyamız belə bir sağlam iqtisadi mühit yaratmağı qarşısına məqsəd qoymuşdur. Yaranan etibarlı iqtisadi mühit cəmiyyətimizdə var olan təşəbbüskarlıq ruhunu hərəkətə gətirəcək, xarici sərmayənin ölkəmizə girişini sürətləndirəcək və beləcə istehsalda artım təmin olunacaqdır.

Bu istiqamətdə:

• Azərbaycanda sözün həqiqi mənasında istehsal və investisiya səfərbərliyi başladılacaq;
• Ehtiyatların effektiv və səmərəli istifadəsi, xammal, enerji, işçi qüvvəsi, nəqliyyat və bazar potensialı nəzərə alınmaqla kənd təsərrüfatında və sənayedə iqtisadi hövzələr və ya cazibə mərkəzlərinin yaradılması dəstəklənəcək;
• İstehsal xərclərini aşağı salacaq, keyfiyyət, səmərəlilik və məşğulluq səviyyəsini isə yüksəldəcək subsidiyalara önəm veriləcək;
• Ölkəmizə önəmli miqdarda valyuta girişini və məşğulluğu təmin edəcək xarici mühəndislik və podratçılıq xidmətləri dəstəklənəcək. Bu məqsədlə, xarici investisiyalara mane olan qanunlar dəyişdiriləcək, kredit imkanları genişləndiriləcək və risklərin sığortalanmasına start veriləcək;
• İlkin olaraq milli müdafiə sənayesi inkişaf etdiriləcək;
• Araşdırma və innovasiya fəaliyyətləri dəstəklənəcək;
• İstehsalda keyfiyyətin və səmərəliliyin artırılması məqsədilə şirkətlərin beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal həyata keçirmələri üçün dəstəklənəcək;
• Yeni texnologiyalar tələb edən böyük investisiya layihələrinin həyata keçirilməsi məqsədilə “Build-Operate-Transfer” modellərinin tətbiqinə başladılacaq və genişləndiriləcək;
• Texnoparklar çərçivəsində sənaye müəssisələri ilə universitetlər arasında əməkdaşlıqlar qurulacaq (bu zamana qədər mövcud olmuş ilk nümunə: “Qafqaz Universiteti” (indiki “Bakı Mühəndislik Universiteti) – SOCAR).
• Kompüter, internet və informasiya texnologiyalarının istehsal və o cümlədən, dövlət və özəl sektorda istifadəsi geniş təşviq etdiriləcək;
• İstehsalın rəqabət qabiliyyətinin artırılmasında xüsusi önəm daşıyan orijinal patentlərin və sənaye mühəndisliyinin (layihələndirmə) yaradılması təşviq etdiriləcək.

6. ƏQLİ MÜLKİYYƏT

Patent, marka və sənaye mühəndisliyinin qorunması və əqli mülkiyyət sahəsinə qoyulacaq investisiyaların dəstəklənməsi inkişaf etmiş iqtisadiyyatların əldə etdikləri uğurun ən önəmli ünsürlərindəndir.
Xarici investisiyaların və texnologiyadakı son nəaliyyətlərin ölkəmizə cəlb edilməsi, beyin köçünün qarşısının alınması, ixracın artırılması və qlobal rəqabət qabiliyyətinin yüksəldilməsi üçün əqli mülkiyyətə əsaslanan istehsala önəm verən partiyamız kəşiflərə və yeni ixtiralara əngəl olan bütün maneələri aradan qaldıracaq, patent və lisenziya hüquqlarını dünya standartlarına müvafiq formada qoruyacaq və yeni ixtiraları təşviq edəcək.
Cəmiyyətimizin həyat keyfiyyətinin yüksəldilməsi və ölkəmizin davamlı iqtisadi inkişafı üçün elm və texnoloji innovasiyalar, akademik və sənaye sahəsində yenilikçi layihələr, tələbə və gənclərin ixtiraları təşviq ediləcək, ixtiraların patentləşdirilməsinə köməklik göstəriləcək. Elm adamlarımızın ölkə daxilində və ya xaricdə elmi fəaliyyətlərinə dəstək olmaq məqsədilə “Elm və Texnoloji Araşdırmalar Təşkilatının” qurulması planlaşdırılır.

7. XARİCİ TİCARƏT

Davamlı və sabit iqtisadi inkişaf strategiyamızın ən vacib siyasi vasitələrindən biri ixracın artırılmasıdır. İxracın artması ilk növbədə iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə baglıdır.

Bu istiqamətdə:

• İxracın önünü kəsən hər cür maliyyə, inzibati və bürokratik əngəllər aradan qaldırılacaq, ixracın səfərbərliyə alınması başladılacaq;
• İxracın ən sürətli və ən rahat formada qonşu ölkələrlə həyata keçirilə biləcəyi faktorundan yola çıxaraq, qonşu ölkələrə ixracın artırılmasına yönəlik hər cür tədbirlər həyata keçiriləcək;
• Qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq, ixraca söykənən istehsalı maliyyələşdirmək və ixrac məhsullarının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə ölkəmizdə ya tamamilə dövlət mülkiyyətində olan, ya da nəzarət-səhm paketi dövlətə məxsus olan “Eximbank” qurulacaq;
• Ölkə xaricindəki nümayəndəliklərimizin ixracın artırılmasına yönəlik fəaliyyətlərə istiqamətləndirilməsi təmin olunacaq;
• İxrac siyasətinin inkişaf etdirilməsi və tətbiqi üçün bu sahədə fəaliyyət göstərən ixtisas qrupları ilə əməkdaşlıqlar qurulacaq;
• Ölkə xaricində “made in Azerbaijan” məhsullarının çoxaldılması məqsədilə şirkətlər təşviq olunacaq;
• İxraca yönəlik əlavə dəyəri yüksək məhsullar istehsal edən kiçik və orta sahibkarlara istehsal xərclərini azaltmaları üçün subsidiyalar və inkişaf dəstəyi veriləcək;
• İxrac potensialı və əlavə dəyəri yüksək qabaqcıl vasitələr, elektrik və elektronik avadanlıqlar, neft sənayesi avadanlıqları, kimya, tibb və müdafiə sənayesi məhsulları və tikinti malları istehsal edən sənaye müəssisələri və avtomobil sənayesi qurulacaq və buna bənzər sahələrdə istehsal təşviq etdiriləcək;
• Azərbaycanın Dünya Ticarət Təşkilatına inkişaf etməkdə olan ölkə statusu ilə üzv olması üçün lazımi işlər aparılacaq; • Azərbaycanın qonşu dövlətlərlə olan sərhəd-gömrük məntəqələri yenilənəcək, yük avtomobillərinin və şəxslərin hərəkətinə süni əngəl törədən hallar aradan qaldırılacaq;
• Gömrük vergiləri azaldılacaq, “tax free” geniş tətbiq ediləcək.

8. MALİYYƏ XİDMƏTLƏRİ

Maliyyə xidmətləri sektoru sahib olduğu birbaşa və vasitəli əlaqələri ilə iqtisadi struktur və münasibətlər sistemində önəmli rol oynayır. Alıcılıq qabiliyyətinin təmin olunmasında və bunun iqtisadiyyata əks olunmasında önəmli rola malik maliyyə qurumlarının effektiv və səmərəli formada işləməsi əsasdır.
İnflyasiya, uçot dərəcəsi, valyuta məzənnəsi və digər pul dəyərlərinin real və nisbi tarazlıqda olması üçün lazımi mühit hazırlanacaq. Beləcə iqtisadi vahidlərin dinamikası və rəqabət qabiliyyəti artırılacaq. Bu formada, iqtisadi vahidlərin qərar qəbul etmə və tətbiq etmə prosesində iştirakına və rəqabətin artmasına imkan yaradılacaqdır.

Bu istiqamətdə:
• Depozitlərin səviyyəsinin yüksəldilməsi və əmanətlərin (qənaətlərin) iqtisadiyyata cəlb edilməsi prosesində iqtisadi və sosial-iqtisadi tələblərə cavab verən mali əməliyyat metodları yaradılacaq və inkişaf etdiriləcək. Maliyyə sektorunun qurumlar və maliyyə vasitələri baxımından növlərə ayırılmasına və bazarların dərinləşdirilməsinə önəm veriləcək;
• Sektoru tənzimləyən və təftiş edən qurumlar arasında koordinasiya gücləndiriləcək və bu qurumlar tərəfindən effektiv nəzarət təmin olunacaq;
• Sektorun beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün tədbirlər görüləcək;
• Ölkəmizin iqtisadi vahidlərinin sahib olduğu imkan və mənbələrin qorunması və ehtiyac duyulan fondların təmin edilməsi məqsədilə özəl sığorta sistemi təşviq etdiriləcək. Ayrıca, ölkəmizdə məsuliyyət hüququnun inkişafı, istehsal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə peşə fəaliyyətlərində və mal və xidmətlərin istehsalında sığortacılıq inkişaf etdiriləcək və genişləndiriləcək;
• Əmanət və depozitlərlə bağlı sığorta sistemi Avropa Birliyi standartlarına müvafiq tənzimlənəcək;
• Maliyyə qurumlarının maliyyə hesabatlarının şəffaf və həqiqətə uyğun hazırlanması və ictimaiyyətə təqdim edilməsi təmin olunacaq;
• Maliyyə qurumlarının kredit reytinq agentlikləri tərəfindən qiymətləndirilməsi təmin olunacaq.
İnvestisiya bazarları davamlı iqtisadi inkişaf hədəflərinə nail olmaqda və beynəlaxalq rəqabət qabiliyyətinin artırılmasında xüsusi önəmə malikdir. Bu istiqamətdə:
• İnvestisiya bazarlarını daha dərin və effektiv vəziyyətə gətirmək üçün institusional investorların bazara daxil olması təmin olunacaq;
• İnvestisiya bazarlarının strukturu və fəaliyyəti inkişaf etdiriləcək; • Ölkəmizdə də beynəlxalq səviyyəli “Qiymətli Kağızlar Birjası” qurulacaq;
• Daşınmaz əmlak investisiya fondları və risk sərmayəsi investisiya fondları təşviq və inkişaf etdiriləcək;
• İnvestisiya bazarlarında informasiyaya əsaslanan hər növ əməliyyata daxildən edilən maneələrə lazımi sanksiyalarla cavab veriləcək; • İnvestisiya bazarında kiçik payçıların hüquqları qorunacaq;
• Bazarların proqnozlaşdırıla bilməsi və investisiya bazarlarındakı dalğalanmaların iqtisadiyyat üzərindəki təsirini məhdudlaşdırmaq üçün fyuçers bazarları dəstəklənəcək.

9. TİCARƏTÇİLƏR, SƏNƏTKARLAR, KİÇİK VƏ ORTA SAHİBKARLAR

İstehsal, məşğulluq və əlavə dəyərin yaradılmasında önəmli rola malik ticarətçilər, sənətkarlar, kiçik və orta sahibkarlar bir ölkənin iqtisadi və sosial strukturunun onurğa sütunu sayılır. Partiyamızın hədəflərindən biri də ticarətçiləri, sənətkarları, kiçik və orta sahibkarları ən effektiv üsullarla dəstəkləyərək ölkənin orta təbəqəsini təkrar inşa etməkdir.

Bu istiqamətdə:

• Əhalinin orta təbəqəsi üçün məşğulluğu təmin edən və istehsala yönəlik investisiya qoyuluşu həyata keçirən sahibkarlar üçün layihə əsaslı maliyyə dəstəyi, vergi sadələşdirmələri və bürokratik maneələrin azaldılması da daxil olmaqla ümumi bir plan tətbiq ediləcək;
• Ticarətçilərin, sənətkarların, kiçik və orta sahibkarların böyük müəssisələr qarşısında haqsız rəqabətdən qorunmaları təmin olunacaq. Effektiv antiinhisar siyasəti işlənib hazırlanacaq;
• Şirkətlər istehsal etdikləri mallarını daha effektiv və səmərəli yolla ixrac etmələri üçün sektordakı xarici ticarət şirkətləri dəstəklənəcək;
• Ticarətçilər, sənətkarlar, kiçik və orta sahibkarlar ilə bağlı qərar qəbulunda onların özlərinin fikirləri nəzərə alınacaq;
• İnnovativ təşəbbüslərin dəstəklənməsi və texnologiya səviyyəsinin yüksəldilməsi məqsədilə innovasiya mərkəzləri yaradılacaq;
• Ticarətçilər, sənətkarlar və sahibkarlar üçün marifləndirici tədris mərkəzlərinin yaradılmasında və bu mərkəzlərin genişləndirilməsində dövlətin və yerli özünüidarəetmə orqanlarının dəstəyi artırılacaq.

10. KƏND TƏSƏRRÜFATI, HEYVANDARLIQ VƏ MEŞƏ TƏSƏRRÜFATI

Kənd təsərrüfatı sektorunda səmərəliliyin və istehsalın artırılması, istehsalçı gəlirlərinin stabilləşdirilməsi, bu sektora yönəlik subsidiyaların rasional istifadəsi əsas məqsədimizdir.

Bu istiqamətdə:

• Kənd təsərrüfatı sektorunda həqiqi mənada müəssisələşməyə keçid təmin olunacaq;
• İri kənli-fermer təsərrüfatları, kooperativlər və kənd təsərrüfatı assosiasiyaları yaradılacaq;
• Çöl seqmentində səmərəliliyi artıracaq, xərcləri isə azaldacaq texnologiyaların tətbiqi təşviq etdiriləcək;
• Kənd təsərrüfatı istehsalının sıx olduğu bölgələrdə məhsul birjaları yaradılacaq və bu birjalarda müddətli əməliyyatların aparılması təmin olunacaq;
• Şəhərlərdəki əhalinin kənd təsərrüfatı sektoruna sağlam formada cəlb edilməsi üçün müvafiq siyasət işlənib hazırlanacaq;
• Kənd təsərrüfatı məhsullarının dünya bazarlarında satılması üçün ixrac şirkətlərinə dəstək veriləcək;
• Kənd təsərrüfatı sektorunda sığorta sisteminin inkişaf etdirilməsi yolu ilə təbii fəlakətlər zamanı yaranan itkilər minimuma endiriləcək;
• Ekoloji əkinçilik və yüksək keyfiyyətli toxum istehsalı təşviq etdiriləcək;
• Ölkəmizin iqtisadi və coğrafi strukturu nəzərə alınaraq yeni bitki növlərinin becərilməsi təşviq etdiriləcək;
• Heyvandarlıq sahəsində yüksək səmərəli cins heyvanların ümumi heyvan populyasiyası içərisindəki say nisbəti artırılacaq; • Ölkəmizin coğrafi strukturu nəzərə alınaraq su canlılarının artırılması prosesi təşviq etdiriləcək;
• Canlı heyvan birjaları yaradılacaq, təşkil olunacaq və orada müddətli əməliyyatların (fyuçers əməliyyatları) həyata keçirilməsi təmin olunacaq;
• Heyvandarlıq potensialının yüksək olduğu bölgələrdə bu sektorun təkrar canlandırılması təmin olunacaq;
• Dəyişən dünya və ölkə şəraitinə müvafiq olaraq müəyyən olunacaq milli meşə təsərrüfatı siyasəti əsasında ən az 50 il müddətli meşə təsərrüfatı planı hazırlanacaq;
• Bölgələrdə yaşayanların meşələrin qorunmasında söz sahibi olmaları təmin olunacaq;
• Mülkiyyət hüququ dövlətdə qalmaq şərtilə kənd sakinlərinin meşə təsərrüfatı məhsulları üzərində istifadə hüququ və mühafizə məsuliyyəti təmin olunacaq;
• Özəl meşə təsərrüfatı dəstəklənəcək, meyvə, toxum və çiçəklərindən faydalanılan ağacların müvafiq ekoloji şəraitli özəl sektorda yetişdirilməsi təşviq etdiriləcək.

11. ENERJİ SƏNAYESİ

Partiyamızın enerji siyasətinin əsasında milli maraqlarımız doğrultusunda enerji təchizatı təhlükəsizliyinin və davamlılığının təmin edilməsi, rəqabətə əsaslanan enerji bazarının təşkil edilməsi, ətraf mühit və insan sağlamlığının qorunması dayanır.

Bu istiqamətdə:

• Effektiv və səmərəli işləməyən mövcud enerji müəssisələri tez bir zamanda özəlləşdiriləcək, yenilənəcək, istehsal həcminin artırılması təmin ediləcək;
• Neft və təbii qaza alternativ olan enerji mənbələrinin axtarşı sürətləndiriləcək;
• Enerji sektorunda tək enerji mənbəyindən asılılıq aradan qaldırılacaq. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə genişləndiriləcək;
• Gələcəyin enerjisi sayılan hidrogen enerjisi ilə bağlı ciddi elmi və texniki layihələrə start veriləcək, digər inkişaf etmiş ölkələrlə birgə icra prosesinə keçid üçün lazımi işlər görüləcək;
• Enerji mənbələrində israfın qarşısını alacaq layihələr dəstəklənəcək, qənaət etmə düşüncəsi ölkə səviyyəsində genişləndiriləcək;
• Günəş, külək, geotermal və biokütlə enerjisi istehsal edən müəssisələrin, o cümlədən, yeni hidroelektrik stansiyaların, yeni texnologiyalar ilə təchiz edilmiş, səmərəliliyi yüksək və ətraf mühitə zərər verməyən istilik stansiyalarının özəl sektor tərəfindən qurulması dəstəklənəcək;
• Yaşayış məntəqələrinin günəş panelləri ilə təchiz olunmasına start veriləcək;
• Mövcud enerji stansiyalarına alternativ olan, əlavə olaraq lazımi təhlükəsizlik tədbirləri və ətraf mühiti qorumaya yönəlik tədbirlər alınmaq şərtilə atom elektrik stansiyasının qurulması məsələsinə baxılması da istisna edilmir. Bu formada iqtisadiyyatın ehtiyac duyduğu ucuz enerji təminatı həyata keçirilmiş olacaq;
• Enerji sektoruna yeni investisiyalar “build-operate-transfer” modeli əsasında cəlb ediləcək;
• Partiyamız yerli və xarici ölkələrdəki təbii qaz və neftin dünya bazarına çıxarılmasında ölkəmizin bir vasitəçi mövqeyində olduğunu dərk edir. Ölkənin bu strateji möqeyindən effektiv formada istifadə ediləcək və ölkəmiz paylama terminalı vəziyyətinə gətiriləcək.

12. DAĞ-MƏDƏN SƏNAYESİ

Yeraltı ehtiyatlarımızın zəngin olması digər ölkələrlə müqaisədə bizə müəyyən üstünlüklər verir. Partiyamız bu ehtiyatların ölkə iqtisadiyyatının həqiqi mənada inkişafı və xalqın firavanlığı üçün, milli maraqlarımıza uyğun olaraq effektiv istifadəsini təmin edəcək mədən sənayesi proqramını sürətlə tətbiq edəcək. Hədəfimiz əlavə dəyəri yüksəl məhsullarla yerli sənayeni inkişaf etdirmək və ehtiyaclarımızın miqdar və növ müxtəlifliyi baxımından təmin olunmasıdır.

Bu istiqamətdə:

• Ehtiyatlarımızın hakim təbəqənin və ya oliqarxların əlində cəmlənməsinə yol verilməyəcək, xalqın hər bir təbəqəsinin onlardan yararlanması təmin ediləcək;
• Texniki işçi qüvvəmizdən və mövcud təcrübəmizdən istifadə etməklə, yataqların kəşfindən başlayaraq istehlakadək hər mərhələdə ətraf mühit və ekoloji vəziyyət nəzərə alınacaq;
• Özəl sektor dəstəklənəcək, xarici investisiyalar təşviq etdiriləcək, sürətli və səmərəli istehsalın önündəki əngəllər aradan qaldırılacaq; • Elmi və texnoloji metodlardan istifadə edilməklə strateji yataqların axtarışı, istismarı, istehsalı və ixracı gələcək nəsillərin maraqları nəzərə alınmaq şərtilə həyata keçiriləcək;
• Yataqlarımızın strateji xüsusiyyətləri nəzərə alınmaqla və fərqli metodlardan istifadə edilməklə istismar və özəlləşdirmə həyata keçiriləcək.

13. NƏQLİYYAT VƏ KOMMUNİKASİYA

Partiyamız nəqliyyat və kommunikasiya sisteminin ölkə iqtisadiyyatının ən önəmli infrastrukturlarından biri olduğuna inanmaqdadır. Bu səbəbdən, nəqliyyat sahələri arasında inteqrasiyanı təmin edən, sürətli və sərfəli xidmətlər təklif edən, inkişafı ən çox təmin edən, ətraf mühitə zərərli olmayan və dəfələrlə yenilənməsinə ehtiyac duyulmayan nəqliyyat və kommunikasiya infrastrukturunun təşkil edilməsi əsas hədəflərimizdən biridir. Ölkəmizdəki nəqliyyat və kommunikasiya sisteminin müasir standartlara çatdırılması istiqamətində:

• Nəqliyyat sistemləri arasında optimal tarazlığı təmin edəcək quru, dəniz, hava və dəmiryolu nəqliyyatı ilə bağlı səmərəli plan tətbiq ediləcək;
• Şəhəriçi, şəhərlərarası, rayon mərkəzləri ilə kəndlərarası və o cümlədən, beynəlxalq nəqliyyat sisteminin keyfiyyəti yüksəldiləcək, qiymətlər tənzimlənəcək;
• Dəmiryollarının özəl sektorla birgə müasir administratorluq anlayışı çərçivəsində inkişaf etdirilməsinə xüsusi önəm veriləcək;
• Dövlət quru yollarında təhlükəsizlik, təftiş və mühəndislik xidmətləri aktivləşdiriləcək;
• Dəniz donanmamızın yenilənməsi və təkmilləşdirilməsi təmin ediləcək, dövlət liman admisintrasiyasından avtonom liman administrasiyasına keçid və özəlləşdirmə həyata keçiriləcək;
• Dəniz ticarəti donanmamızın beynəlxalq rəqabət səviyyəsi artırılacaq; • İstər yerli və istərsə də xarici gəmi mülkiyyətçilərinin ehtiyaclarını qarşılayacaq formada gəmiqayırma sektoru inşa etdiriləcək;
• Xəzər dənizinin suyunun təmizlənməsi üçün irimiqyaslı layihələrə start veriləcək. Xəzər dənizinin, göllərin və çayların ekologiyasını qorumaq məqsədilə ixtisaslaşmış mərkəzlər və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqlar qurulacaq;
• Hava limanlarımızın tutum və standartları yüksəldiləcək və özəl hava limanı administratorluğunun qurulması təşviq etdiriləcək;
• Sərbəst rəqabət şərtlərində ucuz, səmərəli, keyfiyyətli və təhlükəsiz xidmətlər təklif edən, istehlakçıya alternativ seçim imkanları verən telekommunikasiya, radio, televiziya və internet şəbəkələrinin qurulması və genişləndirilməsi təmin ediləcək;
• Mobil operatorların sayı artırılacaq, mobil və internet xidmətlərinin keyfiyyəti yüksəldiləcək, tariflər aşağı salınacaq.

14. TURİZM

Azərbaycan öz tarixi, mədəniyyəti, fərqli təbii gözəllikləri və qonaqpərvər insanları ilə böyük turizm potensialına sahib ölkədir. Partiyamız Azərbaycanın bu potensialından tam istifadə etməklə müxtəlif növ turizm xidmətləri yaratmaq üçün şüurlu fəaliyyət göstərməyin lazım olduğunu düşünür. Azərbaycanda turizm gəlirlərinin artırılması və turistik bölgələrin diversifikasiyası üçün, dünyadakı iqtisadi, ictimai və mədəni proseslərin yaxından təqibi və turizm potensialımızın effektiv olaraq tanıdılması tələb olunur.

Bu ümumi prinsiplər çərçivəsində:

• Turizm sektorunun təşkilati və hüquqi infrastrukturu yaxşılaşdırılacaq;
• Turizm xidmətlərinin çeşitlərinin artırılması, prioritetlərin müəyyən edilməsi, yerli sahibkarların bu prosesdə iştirakının təmin edilməsi, ölkəmizin turizm inventarının çıxarılması, qiymətləndirmə və təqdimat məqsədilə turizm ixtisas təşkilatları ilə birgə plan və layihələr hazırlanacaq;
• Turizmin mövsümi və coğrafi bölgüsünü yaxşılaşdırmaq məqsədilə və xarici bazarlarda dəyişən istehlakçı arzularını nəzərə almaqla qış, dağidman, səhra, çay, termal, səhiyyə, dini-ziyarət, yaxta, işgüzar, sərgi və romantik turizm növləri ilə bağlı siyasət tətbiq ediləcək;
• İşgüzar (konqres) və sərgi turizminin genişləndirilməsi məqsədilə sərgilər təşkil edən şirkətlərə və səyahət agentliklərinə dəstək veriləcək;
• Mədəni və tarixi zənginlikləri baxımından üstün potensiala malik müxtəlif bölgələrimizin xüsusiyyətləri nəzərə alınaraq daxili və xarici turizmin imkişafı dəstəklənəcək.

15. İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ

İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində əsas məqsədlərimiz istehlakçılar, istehsalçılar və satıcılar arasında ədalətli tarazlığın təmin edilməsi, istehlakçıların zərər çəkməməsi, istehlakçı və satıcılar arasında sağlam əlaqənin qurulmasıdır.

Bu əsas məqsədlər doğrultusunda:

• İstehlakçıların hüquqlarının müdafiəsini təşkil edən qanunlar qlobal istehlakçı hüquqları nəzərə alınmaqla təkrar hazırlanacaq;
• İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə proseslərinin obyektivliyi təmin olunacaq, istehlakçıların öz hüquqlarını müdafiə edə bilmələri üçün məhkəmə prosesləri sadələşdiriləcək;
• İstehlakçı müqavilələri ilə bağlı qarşılaşılan problemlərin həlli istiqamətində hüquqi tənzimləmələr həyata keçiriləcək və istehlakçıların qanun yollarına baş vurması hallarının maddi və inzibati yöndən rahatlaşdırılması üçün inzibati struktur yaradılacaq;
• İstehlakçı hüquqlarının qorunması məqsədilə istehsal edilən mal və xidmətlərin sığortası və peşə məsuliyyət sığortası məcburi vəziyyətə gətiriləcək.

16. SOSİAL SİYASƏT

Partiyamız sərbəst bazar iqtisadiyyatı və sosial təminatların qarışığından ibarət bir sistemin tərəfdarıdır. Dövlət, bazar və ailə təsərrüfatları arasında qarşılıqlı əlaqə qurulmalı, yalnız dövlət deyil eyni zamanda bazar da fərdlər üçün sosial təminatlar verməlidir.

Bu istiqamətdə:

• Sosial təminat sisteminin mərkəzi, bölgə və yerli idarəetmə strukturlarına ayrılması nəzərdə tutulur. Parlament, hökumət, mərkəzi və yerli sosial təminat qurumları, bələdiyyələr, bəzi səhiyyə ocaqları və qeyri-hökumət təşkilatları da bu strukturun tərkibində yer alacaq;
• Bölgə strukturları tərəfindən işçilərin təhlükəsizliyi və əməyinin mühafizəsi, qəzaların təftişi, tibbi xidmətlər, təcili tibbi yardım xidmətləri, yoluxucu və yoluxucu olmayan xəstəliklərin nəzarətdə saxlanılması, ana və uşaq sağlamlığı, tibbi marifləndirmə, stomatoloji və psixoloji xidmətlərin icrası həyata keçiriləcək; İctimai sağlamlıq, tibbi və sanitar-gigiyena xidmətlərinin planlaşdırılması, koordinasiya edilməsi, norma və standartların müəyyənləşdirilməsi, ekoloji problemlərin həlli icra ediləcək;
• Yerli strukturlar tərəfindən isə uşaqların müdafiəsi, uşaqların istismarına qarşı tədbirlər, məktəbəqədər təhsil, ibtidai və orta təhsil, yaşlılara qulluq, fiziki məhdudiyyətli şəxslərin dəstəklənməsi və onların müdafiəsi, alkoqol və narkomaniyaya qarşı mübarizə, marifləndirmə, qadına yönəlik şiddətə qarşı tədbirlər, sığınacaqların təşkili, evsizlərə kömək, aylıq gəliri minimum əmək haqqından az olanlara maddi dəstək, ailə planlaması və s. sosial xidmətlər icra ediləcək;
• Bələdiyyələr tərəfindən gənclərə yönəlik fəaliyyətlərin icrası, mənzil, təhsil və iş problemlərinin həllinə köməklik göstərilməsi, ailələrin müdafiəsi və marifləndirmə xidmətlərinin təşkili nəzərdə tutulur. Bələdiyyələr tərəfindən təqdim olunan xidmətlər bələdiyyələrin öz büdcəsi və dövlət tərəfindən bələdiyyələrə verilən subsidiyalar hesabına maliyyələşdiriləcək;
• Qeyri-hökumət təşkilatları tərəfindən təqdim ediləcək sosial xidmətlərin dörd ayrı qrupa ayrılması nəzərdə tutulur: 1. Aparıcı sosial xidmətlər: qadın sığınacaqlarının təşkili; 2. Alternativ sosial xidmətlər: vergilərlə maliyyələşdirilən təşkilati dəstək; 3. Tamamlayıcı sosial xidmətlər: vergilərlə maliyyələşdirilən marifləndirmə xidmətləri; 4. Dövlət yararına fəaliyyət göstərən könüllü təşkilatların təqdim etdiyi sosial xidmətlər: xəstəxanalarda pulsuz xidmətlərin təşkili. Ailələrin, uşaqların, gənclərin, qaçqın və köçkünlərin, müharibə əlillərinin və yaşlıların marifləndirilməsi, onların işlə təmin olunması, rekreasiya-reabilitasiya xidmətlərinin göstərilməsi, konsultasiya mərkəzlərinin, gənclər və əlillər üçün kampusların, əlillərə yönəlik istirahət evlərinin və kursların təşkil edilməsi;
• Təqaüd yaşının endirilməsi nəzərdə tutulur. Kişilər üçün 60 yaş, xanımlar üşün isə 55 yaş müəyyən ediləcək;
• Təqaüd yaşına çatmış şəxslər üçün iki əsas təqaüd sisteminin tətbiq edilməsi nəzərdə tutulur: Birincisi, təqaüd yaşına çatmış hər bir şəxsə Sosial Müdafiə Fonduna köçürdüyü məbləğ nəzərə alınmaqla müvafiq qaydada hesablanmış birdəfəlik ödənişlərin verilməsi; İkincisi, əmək stajı, əmək haqqı (gəlirləri), əmək fəaliyyəti və əmək şəraiti nəzərə alınmaqla aylıq təqaüd haqqının müəyyən edilməsi;
• Bundan başqa fərdi təqaüd fondunun yaradılması da nəzərdə tutulur. Sosial sığorta qurumunun nəzarəti altında özəl təqaüd şirkətləri könüllülük əsasında fəaliyyət göstərəcək. 18 yaşı tamam olmuş istənilən şəxs aylıq olaraq özəl təqaüd fonduna pul köçürə bilər. Təqaüd yaşına çatdıqda isə həmin şəxs o günə qədər fonda köçürdüyü məbləği və əlavə olaraq ödədiyi aylıq məbləğin 25%-i nisbətində dövlət tərəfindən əlavə ödəniş alacaq;
• Təqaüd yaşına çatmış şəxslərin iş həyatlarını davam etdirmələri üçün onların dəstəklənməsi, sosial baxımdan təcrid olunmalarının qarşısının alınması, dəyişən dünyanın tələblərinə müvafiq olaraq yeni qabiliyyətlər əldə etmələri üçün marifləndirilməsi və kursların təşkili nəzərdə tutulur;
• Yaşlılara yönəlik sosial xidmətlərin üç qrupa ayrılması planlaşdırılır: sosial qulluq, sosial xidmətlər, sosial yardımlar. Sosial xidmətlərin vergilərlə, sosial sığorta fondu vasitəsilə və müxtəlif təşkilatların ayırdığı yardımlarla maliyyələşdirilməsi nəzərdə tutulur. 65 və daha yuxarı yaşda olan xroniki xəstə və xüsusi qulluğa ehtiyacı olan yaşlılara sosial qulluğun təşkili nəzərdə tutulur. Sosial qulluq – evdə qulluq və stasionar qulluq olaraq iki istiqamətdə təqdim olunacaq. Evdə qulluq – gündəlik baxıma ehtiyacı olan yaşlılara evdə xidmət göstərilməsi və gündə ən az dörd saat onlarla vaxt keçirilməsidir. Stasionar qulluq – yaşlılara tibbi, sosial-iqtisadi və psixoloji xidmətlərin peşəkar şəxslər tətərfindən bunun üçün nəzərdə tutulan xüsusi müəssisələrdə göstərilməsidir. Sosial xidmətlər – yaşlılar üçün klubların, konsultasiya mərkəzlərinin, yaşılara yönəlik sosial tədbirlərin və yaşlılar üçün xüsusi istirahət şəhərciklərinin təşkilidir. Sosial yardımlar – maddi yardım, sosial təqaüd və minimum əmək haqqını nəzərdə tutur.

17. EKOLOGİYA

Partiyamız tərəfindən ölkəmizin ekoloji problemlərinin həlli istiqamətində uzunmüddətli ekoloji siyasət həyata keçiriləcək.

Bu istiqamətdə:

• Ətraf mühitin, meşə zolaqlarının, biomüxtəlifliyin, içməli su hövzələrinin, bütün çimərliklərin, neftlə çirklənmiş ərazilərin təmizlənməsi və təhlükəsizliyinin təmin edilməsi;
• Ekologiyaya zərər vuran fiziki və hüquqi şəxslərə və vətəndaşlara fərqli cərimələrin tətbiqi;
• Küçə heyvanlarına qayğı mərkəzlərinin və sığınacaqların yaradılması, onların qorunması və peyvəndlənməsi istiqamətində işlərin aparılması;
• Bütün yaşayış məntəqələrinin, rayonların və kəndlərin kanalizasiya sistemi ilə təchiz edilməsi; Kanalizasiya sularının təmizlənərək təsərrüfat məqsədilə istifadə edilməsi üçün müvafiq infrastrukturun qurulması;
• Məişət tullantılarının müasir standartlara müvafiq idarə edilməsi; Məişət tullantılarının sakinlər tərəfindən çeşidlənərək atılması üçün müvafiq mexanizmlərin qurulması; Həmin tullantıların daha sonrakı emalının həyata keçirilməsi;
• Əhalinin içməli su ilə davamlı təminatını həyata keçirmək məqsədilə lazımi infrastrukturların qurulması;
• Ekoloji layihələrin hazırlanması və həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının iştirakının təmin edilməsi.

Hazırladı: Ağ Partiya İqtisadiyyat komissiyasının sədri : Vüsalə Əhmədova