• +994 55 754 56 99
  • info@agpartiya.com
  • Azerbaijan,Baku,Shafayat Mehdiyev St,AZ 1141

XƏBƏR LENTİ

Ağ Partiyasının 27 Sentyabr - Anım Günü ilə bağlı BƏYANATI

27 sentyabr Azərbaycan xalqının yaddaşında milli həmrəyliyin, birlik və qürurun rəmzi olaraq əbədiləşmişdir. Bu gün Vətən müharibəsinin başlanğıcı kimi işğal altındakı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini anmaqla yanaşı, xalqımızın milli iradəsinin və dövlətimizin gücünün təcəssümü kimi tarixə yazılmışdır.

Ağ Partiya olaraq bildiririk ki, şəhidlərimizin müqəddəs xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onların canları və qanları bahasına qazandığımız zəfər gələcək nəsillərə örnək olacaqdır. Biz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı və uzun ömür arzulayırıq. Qəhrəmanlarımızın valideynlərinin müqəddəs əllərindən ehtiramla öpür, onların fədakarlığı qarşısında baş əyirik.

Bu gün xalqımız təkcə 44 günlük Vətən müharibəsinin başlanğıcını deyil, eyni zamanda əsrlər boyu davam edən azadlıq, ədalət və milli haqlar uğrunda mübarizə iradəsini də yad edir. 27 sentyabrda başlayan savaş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün atılmış ən qətiyyətli addım oldu. Bu iradə həm döyüş meydanında, həm də siyasi müstəvidə xalqımızın sarsılmaz gücünü nümayiş etdirdi.

Ağ Partiya hesab edir ki, şəhidlərimizin və qazilərimizin fədakarlığı yalnız hərbi zəfərlə yekunlaşmamalıdır. Bu qələbə üzərində güclü, ədalətli və milli dəyərlərə söykənən bir dövlət qurmaq hamımızın borcudur. Dövlətimizin möhkəmlənməsi, xalqımızın rifahı və gələcək nəsillərin daha güclü, daha azad bir Azərbaycanda yaşaması üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik.

Ağ Partiya bir daha bəyan edir ki, ümummilli məsələlərdə siyasi maraqlar hər zaman ikinci planda qalmalı, xalqımızın bütövlüyü və dövlətçiliyimiz hər şeydən üstün tutulmalıdır. Bu qələbədə özlüyündə məhz siyasi camianın da ümummilli həmrəyliyə qoşulması və siyasi maraqlarını kənara qoyması böyük rol oynamışdır.

Allah şəhidlərimizə rəhmət eləsin! Allah qazilərimizi və xalqımızı qorusun!