28 May-Respublika Günü münasibətilə AĞ Partiyanın rəhbərliyi və bir sıra üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsini yad etmək üçün İstiqlal abidəsini ziyarət ediblər. Abidə önünə əklil qoyublar, gül-çiçək dəstələri düzüblər.
Ziyarət zamanı müsəlman Şərqində ilk parlamentli respublikanın banisi Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev və digər Cümhuriyyət qurucularının Azərbaycan dövlətçiliyi uğrunda göstərdikləri tarixi xidmətlər ehtiramla anılıb.
Partiya başqanı Tural Abbaslı bildirib ki, 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, milli iradə və müstəqillik idealının ən böyük təcəssümü olub. Bu gün də həmin ideyalar Azərbaycanın dövlətçilik ənənələrinin əsas dayaqlarından biri olaraq qalır.


