Ağ Partiyanın AŞPA-nın son sessiyasında qəbul edilən qətnamə barədə bəyanatı .
AŞPA-nın son sessiyasında qəbul edilən qətnamə Azərbaycana münasibətdə tətbiq olunan ikili standartların və siyasi qərəzin növbəti təzahürüdür.
Qətnamə ilə tanış olduqda aydın görünür ki, sənəd insan hüquqlarının obyektiv müdafiəsindən daha çox, Azərbaycanın dövlətçilik maraqlarına, milli təhlükəsizliyinə və milli-mənəvi dəyərlərinə ideoloji yanaşma sərgiləyir.
Sənəddə dövlət təhlükəsizliyi və dövlətə xəyanət ittihamları ilə bağlı cinayət işləri, demək olar ki, tamamilə nəzərə alınmır və həmin məsələlər yalnız "siyasi təqib", "sülh fəallığı" və "akademik azadlıq" prizmasından təqdim edilir.
Dövlətin milli təhlükəsizliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu ilə bağlı həssas məsələlərin birtərəfli şəkildə qiymətləndirilməsi isə nə obyektiv, nə də beynəlxalq hüququn ruhuna uyğundur.
Qətnamədə LGBT mövzusu xüsusi şəkildə qabardılır, bu istiqamətdə əlavə hüquqi mexanizmlərin yaradılması və qanunvericiliyin sərtləşdirilməsi tövsiyə olunur.
Ağ Partiya hesab edir ki, insan hüquqlarının müdafiəsi adı altında cəmiyyətimizin milli-mənəvi dəyərləri ilə uzlaşmayan ideoloji yanaşmaların Azərbaycana ixrac edilməsinə cəhd göstərilməsi qəbuledilməzdir.
Təəssüf doğuran digər məqam isə etnik zəmində həssas məsələlər və separatizm ittihamları ilə bağlı cinayət işlərinin tamamilə fərqli kontekstdə təqdim olunması, dövlətin milli təhlükəsizlik arqumentlərinin isə ümumiyyətlə nəzərə alınmamasıdır.
Bu yanaşma istər-istəməz belə bir təsəvvür yaradır ki, müəyyən hallarda separatçılıq meyllərinə və dövlətçiliyi zəiflədə biləcək fəaliyyətlərə dolayısı ilə legitimlik qazandırılmağa çalışılır.
AŞPA uzun illər Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının pozulmasına, etnik təmizləməyə, şəhər və kəndlərimizin dağıdılmasına, mina terroruna və yüzlərlə itkin düşmüş şəxsin taleyinə eyni həssaslığı nümayiş etdirməmişdir.
Bu gün isə Azərbaycana münasibətdə selektiv yanaşmanın sərgilənməsi təşkilatın obyektivliyinə ciddi kölgə salır.
Ağ Partiya hesab edir ki, insan hüquqları anlayışı heç vaxt dövlətlərin daxili işlərinə müdaxilə vasitəsinə, separatizmə, dövlətin konstitusion əsaslarını sarsıda biləcək fəaliyyətlərə və ya cəmiyyətin milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil edən ideoloji gündəmlərin təşviqinə çevrilməməlidir.
Bununla yanaşı, Ağ Partiya bəyan edir ki, yarandığı gündən etibarən ölkəmizdə demokratik institutların inkişafı, söz və ifadə azadlığı, siyasi plüralizm, qanunun aliliyi, ədalətli məhkəmə sistemi və fundamental insan hüquq və azadlıqlarının təmin olunması uğrunda ardıcıl mübarizə aparmış və bu gün də həmin mövqeyinə sadiqdir.
Biz hesab edirik ki, həqiqi demokratiya və insan hüquqları milli suverenlik, dövlətçilik, ərazi bütövlüyü və xalqın milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil etməməli, əksinə, onları tamamlamalı və möhkəmləndirməlidir.
Biz beynəlxalq təşkilatları Azərbaycana münasibətdə ikili standartlardan imtina etməyə, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, milli maraqlarına və xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmağa çağırırıq.
İnsan hüquqları siyasi təzyiq aləti deyil, bütün dövlətlərə bərabər və obyektiv şəkildə tətbiq edilməli olan ümumbəşəri prinsipdir.