AĞ Partiya fəalları Qurban bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib .
Görüşlər partiyanın Xanımlar Təşkilatının sədri Malvina Amirova, Sumqayıt Təşkilatının sədri Faiq Mahmudov və Qaradağ Təşkilatının sədri Elsevər Əliyevin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Partiya nümayəndələri Birinci Qarabağ müharibəsi şəhidi Rasim Həşim oğlu Əhmədovun, İkinci Qarabağ müharibəsi şəhidləri Elnur Qədir oğlu Şahbazov və Yusif Bərxudar oğlu Nağıyevin ailələrinə baş çəkərək bayram münasibətilə həm öz adlarından həm də partiyanın başqanı Tural Abbaslının adından təbrik edib və onlara bayram sovqatları çatdırıblar.
Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb.
Qeyd edilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizləz Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılan Böyük Zəfər 30 ildən artıq dacam edən ədalətsizliyə son qoydu. Şəhidlərimizin intiqamı döyüş meydanında alındı.
Xatırladaq ki, Yusif Nağıyev 2020-ci il oktyabrın 21-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Doğulduğu Bərdə rayonunun Əyricə kəndində dəfn edilib.
Elnur Şahbazov 2020-ci il oktyabrın 22-də Laçın dəhlizi uğrunda gedən döyüşlərdə 6 şəhidi döyüş meydanından çıxararaq özü şəhid olub. Doğulduğu Suraxanı qəsəbəsində dəfn edilib.
Əhmədov Rasim Həşim oğlu 1994-cü ildə Murovdağda gedən döyüşlərdə şəhid olub.
Allah şəhidlərimizə rəhmət eləsin!






Şəfa Rasimqızı
AĞ Partiya - 2022/12 iyul