27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat
Hər bir xalqın tarixində çətin dövrlər olmuşdur. Azərbaycan xalqı da 30 illik işğalla üzləşmiş, Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalmış, əraziləri işğal edilmiş, evləri dağıdılmış, əhalisinə qarşı soyqırımı siyasəti həyata keçirilmişdir.
Azərbaycan xalqı uzun illər ərzində ərazi bütövlüyünün bərpası, eyni zamanda hüquqi ədalətin yenidən bərqərar edilməsi istiqamətində mübarizə aparmışdır. Uzun illər sonra Ermənistan tərəfindən yenidən Azərbaycan ərazilərində hərbi təxribatların törədilməsinə cəhd göstərilmişdir. Bu isə öz növbəsində Azərbaycan xalqının və dövlətinin birləşərək müqavimət göstərməsinə, İkinci Qarabağ müharibəsinin – Vətən müharibəsinin başlanmasına səbəb olmuşdur.
Müharibənin başlanması ərəfəsində və gedişatı zamanı Ağ Partiya siyasi məqsədlərini və siyasi hədəflərini bir kənara qoyaraq dövlətin yanında yer almış, milli həmrəyliyə və milli həmrəylik prosesinin əhəmiyyətinə yüksək önəm vermişdir.
Azərbaycan xalqı və dövləti 30 illik hüquqsuzluğa son qoymuş və ölkənin ərazi bütövlüyünü bərpa etmişdir. Bu zəfər şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı hesabına əldə edilmişdir.
Bu gün də Ağ Partiya Vətənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində canını fəda etmiş şəhidlərimizi rəhmətlə anır, qazilərimizə can sağlığı arzulayır.
Ağ Partiya bir daha bəyan edir ki, milli məsələlər qarşısında siyasi məqsəd və mövqelər bir kənara qoyulmalı, milli həmrəylik qorunmalı və dövlətin yanında dayanmaq əsas prinsip kimi qəbul edilməlidir.
Ağ Partiyası,
26 sentyabr 2026-cı il